"Qəbələ" aparıcı üzvündən məhrum oldu
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində mayın 8-də “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. “Qarabağ”la mayın 2-də evdə keçirilən 22-ci turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” ötən gün çalışmalarını bərpa edib.

Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib. Komandanın hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan Cavid Hüseynov da məşqə qatılmayıblar. Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri bu gün Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.

Qeyd edək ki, mayın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt”la qarşılaşma saat 18:00-da başlayacaq.

Xəbər 667 dəfə oxundu.