Şəmkirli üzgüçülərin uğurları
Azərbaycanın yeniyetmə üzgüçüləri Gürcüstanda keçirilmiş iki beynəlxalq turnirdə uğurlu çıxış ediblər. İdmançılarımız ilk olaraq, Tbilisidə keçirilmiş yeniyetmələr arasında turnirə qatılıblar. Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistandan 200-dək üzgüçünün iştirak etdiyi yarışda ölkəmizi Şəmkir Oksford məktəbinin 6 şagirdi təmsil edib. İdmançılarımız Gürcüstana komandanın baş məşqçisi, Şəmkir Oksford məktəbinin bədən tərbiyəsi və idman müəllimi, Əməkdar məşqçi Elçin Süleymanovun rəhbərliyi altında yollanıblar.

2003-cü il təvəllüdlü idmançıların yarışında Əli Sadıqov sərbəst üsulla 100 metr məsafədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 50 metr məsafəyə yarışda finiş xəttini ikinci keçərək gümüş medala sahib çıxıb. Sərbəst üsulla yarışlarda həmçinin 1998-ci il təvəllüdlülər arasında 50 metrdə Həsən Əsgərov, 1999-cu il təvəllüdlülərin mübarizəsində eyni məsafədə Cavid Cəmilli, 2000-ci il təvəllüdlü idmançılar arasında 100 metrdə Maqsud Hacıyev qızıl medallar qazanıblar. 2004-cü il təvəllüdlülərin 50 metr məsafəyə sərbəst üzmə yarışında Rəvan Məmmədəliyev 1-ci, Mühəmməd Alxanov 3-cü nəticə göstəriblər. Xatırladaq ki, məktəbin şagirdləri ötən il Tbilisidən 2 qızıl və 2 gümüş medalla qayıtmışdılar.

Növbəti turnir Gürcüstanın Rustavi şəhərində olub. Burada yerli idmançılarla mübarizəyə Şəmkir Oksford məktəbinin təmsilçiləri qatılıblar. Gürcüstanın müxtəlif komandaları ilə yarışda şəmkirli məktəblilər ümumi hesabda 1-ci yerə çıxıblar. Bu yarışda turnirin ən yaxşı üzgüçüsü üçün ayrılmış «Swiming star» mükafatı 50 metr sərbəst üsulla üzmədə 1-ci, eyni məsafədə brass üsulu ilə yarışda isə 3-cü nəticə göstərən şəmkirli idmançı Əli Sadıqova təqdim edilib.

Xəbər 2231 dəfə oxundu.