Almaniyanın voleybol komandasında Azərbaycan klublarında oynayan idmançılar yer alacaq
Almaniyanın qadınlardan ibarət voleybol komandasının məşqçisi Luciano Pedulla və kişilərdən ibarət voleybol komandasının məşqçisi Vital Heynen Avropa Oyunlarında iştirak edəcək voleybolçuların adlarını açıqlayıb.

Hər iki məşqçi Avropa Oyunlarına qatılacaq kişi və qadın komandalarının heyətinə təcrübəli və gənc voleybolçuları daxil edib.

Qadın komandasının heyətində 2013-cü ildə Avropa çempionatında gümüş medal qazanmış 11 oyunçu da yer alıb.

Almaniyanın milli komandaları “Bakı-2015”də güclü qruplarda mübarizə aparacaqlar. Almaniyanın kişilərdən ibarət komandası Rusiya, İtaliya, Bolqarıstan, Belçika və Slovakiya ilə qarşılaşacaq. Qadınlardan ibarət komanda isə Rusiya, Serbiya, Niderland, Bolqarıstan və Xorvatiya ilə görüşəcək.

Qadın komandasının ilkin siyahısında Almaniya ilə yanaşı, Polşa, İtaliya və Fransanın, o cümlədən Azərbaycanın “Azəryol” və “Lokomotiv” klublarında oynayan voleybolçular yer alacaq.

Kişilərdən ibarət komandanın tərkibi isə Almaniya ilə yanaşı, Belçika, İtaliya, Polşanın, o cümlədən Türkiyənin “Fənərbaxça” voleybol klublarında oynayan idmançılardan ibarət olacaq.


Xəbər 870 dəfə oxundu.