“Barselona” və “Bavariya” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıblar
Aprelin 21-də UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib.

“Barselona” komandası “Nou Kamp”da “PSJ”ni, “Bavariya” isə doğma meydanda – “Allianz Arena”da “Portu”nu qəbul edib.

Komandalar arasında ilk görüşdə həm “Barselona”, həm də “Portu” 3:1 hesabı ilə qalib gəldiyindən cavab qarşılaşmalarının gərgin keçəcəyi gözlənilirdi.

“PSJ” revanş üçün irəli atılmağa çalışsa da, uğurlu pressinq təşkil edən “Barselona”nın qarşısında çox duruş gətirə bilmədi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 14-cü dəqiqəsində rəqibin üç futbolçusunu məharətlə keçən İniesta gözəl driblinqini Neymara ideal ötürmə ilə tamamladı. Braziliyalıya isə sadəcə topu qapıdan keçirmək qalırdı ki, o, bunu müdafiəçidən sonra qapıçını da aldadaraq topu boş qapıya yönəltməklə yerinə yetirdi - 1:0.

İlk qoldan sonra oyunda üstünlüyü tamamilə ələ keçirən katalanlar 34-cü dəqiqədə hesab arasındakı fərqi daha da artırdılar. Neymar özünün və komandasının ikinci qolunu vurdu - 2:0.

İlk yarıya nisbətən sakit məcrada davam edən oyunun ikinci hissəsində hesab dəyişmədi. İki oyunun nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn “Barselona” yarımfinala vəsiqəni təmin etdi.

Səfərdə “Portu”ya məğlub olmaqla öz tərəfdarlarına böyük xəyal qırıqlığı yaşadan “Bavariya” Münxendə Portuqaliya təmsilçisinə əsl futbol dərsi keçdi. Almanlar oyunun birinci hissəsində beş qol vurmaqla demək olar ki, matçın taleyini ilk yarıda da həll etdilər. İlk hissədə “Bavariya”nın heyətində Tiaqo Alkantara 14-cü, Jerom Boatenq 23-cü, Robert Levandovski 27-ci və 40-cı, Tomas Müller isə 36-cı dəqiqədə rəqib qapısına yol tapdılar.

Yarımfinala vəsiqə qazanmaq üçün ikinci hissədə qapısından qol buraxmamaq şərtilə ən azı üç qol vurmalı olan “Portu” yalnız bir dəfə fərqlənə bildi. Qarşılaşmanın 74-cü dəqiqəsində “Portu”nun heyətində Cekson Martinez komandasının təsəlli qolunu vurdu. Qarşılaşmanın 87-ci dəqiqəsində “Portu”nun futbolçusu İvan Markano ikinci sarı vərəqə ilə cəzalandırılaraq oyundan qovuldu. Matçın 88-ci dəqiqəsində isə “Bavariya” təmsilçisi Xabi Alonso “Portu”nun darmadağınını rəsmiləşdirdi - 6:1. Hər iki oyunun yekununda 7:4 hesabı ilə qalib gələn “Bavariya” adını yarımfinala yazdırdı.

Xəbər 834 dəfə oxundu.