Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnikə qalib gəlib
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bu günlərdə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialının beşinci turunda keçmiş dünya çempionu rusiyalı Vladimir Kramnik üzərində gözəl qələbə çalıb.

Uzun və gərgin mübarizədən sonra Rusiya qrossmeysteri 76-cı gedişdə təslim olub. Ş.Məmmədyarov ağ fiqurlarla oynayırdı.

İndiki dünya çempionu norveçli Maqnus Karlsen ağ fiqurlarla fransız qrossmeysteri Maksim Vaşye-Laqravı udub. M.Vaşye-Laqrav 54-cü gedişdə öz məğlubiyyətini təsdiqləyib. Vişvanatan Anand isə amerikalı Uesli Soya qalib gəlib.

Fabiano Karuana (İtaliya) – Aniş Giri (Niderland), Rauf Məmmədov (Azərbaycan) – Maykl Adams (İngiltərə) partiyaları heç-heçə başa çatıb. Maqnus Karlsenin beş turdan sonra 4 xalı var və o, turnirdə irəlidədir. Uesli So ondan 0,5 xal, Vişvanatan Anand isə bir xal geri qalır. Vladimir Kramnik və Şəhriyar Məmmədyarovun hərəsi 2,5 xal, Maksim Vaşye-Laqrav, Aniş Giri, Fabiano Karuana və Rauf Məmmədovun hər biri 2 xal toplayıblar. Maykl Adamsın 1,5 xalı var.

Sabah turnirdə istirahət günüdür. Altıncı turun partiyaları cümə axşamı, aprelin 23-də oynanılacaq. Həmin gün Aniş Giri – Maqnus Karlsen, Uesli So – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov – Vişvanatan Anand, Vladimir Kramnik – Fabiano Karuana, Maykl Adams – Maksim Vaşye-Laqrav görüşləri keçiriləcək.

Turnir aprelin 26-da başa çatacaq.


Xəbər 758 dəfə oxundu.