“Qəbələ” Latviya turnirinə qələbə ilə başladı
“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası yanvarın 18-dək keçiriləcək “Riga Open Cup 2012”da ilk matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, bu gün turnirdə ilk oyununa çıxan təmsilçimiz “Ventspils” (Latviya) üzərində inamlı qələbə qazanıb - 3:1. Qəbələlilərə 3 xalı gətirən qolları Murad Qayalı, Fərid Nəbiyev və İlkin Abdullayev aktivlərinə yazıblar.

Günün ikinci qarşılaşmasında isə “Qəbələ” “Dinamo” (Riga, Latviya) ilə münasibətlərini aydınlaşdırıb. Sözügedən matç 0:0 hesabı ilə yekunlaşıb. Bu nəticələrdən sonra “Qəbələ” ilk oyun gününü lider kimi tamamlayıb. Yanvarın 17-də komanda “Yelqava” və “Super Nova” (hər ikisi Latviya) klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Latviyaya güclü qar yağdığı üçün bəzi komandalar paytaxt Riqaya gələ bilməyiblər. Bu səbəbdən 13 yaşlılar arası turnir 6 komandanın – “Qəbələ”, “Ventspils”, “Riqa FC”, “Dinamo”, “Yelqava” və “Super Nova” iştirakı ilə keçirilir. Qalibi müəyyənləşdirmək üçün bütün komandalar üz-üzə gələcəklər.

Xəbər 946 dəfə oxundu.