Siyəzəndə rayon çempionatı keçirilib
Aprelin 10-da Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə şəhər stadionunda rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.

Yarışın məqsədi rayonda idmanın kütləviliyinin artırılması, yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi hazırlığının yüksəldilməsi və çemionatın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi olub. İştirakçı komandalar çempionatın proqramına daxil olan 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə yarışıblar.

Yekun nəticələrə görə birinci yerə şəhər 1 saylı, ikinci və üçüncüyə şəhər 6 və 4 saylı tam orta məktəblərin komandaları layiq görülüblər.

Sonda qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarlarla mükafatlandırılıblar.

Xəbər 877 dəfə oxundu.