“Neftçi”nin oyununu UEFA prezidenti izləyəcək
“Neftçi” klubunun Antalyada qatılacağı Çeçenistanın ilk prezidenti Əhməd Qədirovun xatirəsinə beynəlxalq turnirə dəvət olunan qonaqların adları məlum olub. İdman.com.az saytının xəbərinə görə, yarışda “ağ-qaralar”la yanaşı, Rusiyanın "Terek Qroznı", Ukraynanın "Metallist Xarkov", "Obolon Kiyev", Polşanın "Poloniya Varşava", Rumıniyanın "Rapid Buxarest", Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" klubları mübarizə aparacağı yarışa UEFA prezidenti Mişel Platininin də təşrif buyuracağı gözlənilir.

Fransalı futbol əfsanəsi ilə yanaşı Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko, Rusiya Futbol Premyer Liqasının rəhbəri Sergey Pryadkin də dəvətlilər sırasındadır. Fəxri qonaqlar arasında olacaq yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosettinin oyunları idarə edəcəyi planlaşdırılıb.

Qeyd edək ki, oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mərdan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırkı prezidenti Ramzan Qədirov da izləyəcək. Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.

Xəbər 915 dəfə oxundu.