Qılıncoynatma üzrə dünya və Olimpiya çempionu təcrübəsini azərbaycanlı idmançılarla bölüşüb
Qılıncoynatma üzrə dünya və Olimpiya çempionu Olqa Xarlan Bakıda səfərdədir.

Aprelin 10-da qonaq Azərbaycan Qılıncoynatma Federasiyasında (AQF) yerli idmançılar və onların məşqçiləri ilə görüşüb.

Görüşdə AQF-nin birinci vitse-prezidenti Yaşar Məmmədov ukraynalı qonağa ölkəmizdə idmana göstərilən dövlət qayğısı barədə məlumat verib, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.

Qazandığı təcrübəni yerli idmançılarla bölüşən O.Xarlan qılıncoynadanlarımızın Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığı barədə fikir mübadiləsi aparıb.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən O.Xarlan Bakının ilk Avropa Oyunlarına tam hazır olduğunu bildirib. İdmançı qeyd edib ki, Azərbaycan mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Əminəm ki, ilk Avropa Oyunları da müvəffəqiyyətlə təşkil olunacaq və qitə sakinlərinin xatirəsində unudulmaz izlər buraxacaq.

Azərbaycan qılıncoynadanlarının peşəkarlıq səviyyəsindən danışan idmançı milli komandamızın beynəlxalq turnirlərdəki çıxışını yüksək qiymətləndirib. Vurğulayıb ki, Ukrayna yığması ilk Avropa Oyunlarına ciddi hazırlaşır və yarışda əsas heyətlə çıxış edəcək. Komanda yoldaşlarım Bakıda qızıl medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, O.Xarlan hazırda qılıncoynatmanın sabliya növü üzrə dünya reytinq cədvəlində birinci pillədə qərarlaşıb.


Xəbər 1471 dəfə oxundu.