“Qəbələ” – “Simurq” oyununda yubiley qolu vurulub
Azərbaycan Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ev sahibi komandanın oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11 000-ci qol olub.

Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10 720, XXIX turdan əvvəl isə 10 992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb.

Qeyd edək ki, ölkə çempionatlarında 10 000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Azərbaycan Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10 000-ci qol olmuşdu.

Xəbər 837 dəfə oxundu.