İlk Avropa oyunlarında kamandan oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub
Yunanıstanın Marafon şəhərində keçirilmiş Avropa Qran-pri yarışlarında Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər. Yarışlar Avropa Oyunları üçün son təsnifat xarakteri daşıyıb. “Bakı-2015” yarışlarına ev sahibliyi edəcək Azərbaycan da kişilər və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün üç kvota yerinə malikdir. Sloveniya və Norveç kişilər arasında, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrənin hər biri isə qadınlar arasında keçiriləcək yarışlar üçün üç yer əldə edib. Universallıq prinsipinə əsasən isə Avstriya, Ermənistan, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya, Kosovo və Serbiya kişilər arasında, Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva qadınlar arasında bir kvota yeri qazanıblar. Qran-pri oyunlarına gəldikdə, Marafon şəhərində qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yeri italiyalı oyunçular qazanıblar. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutublar. Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu Ukraynalı Markiyan İvaşko əldə edib. İtaliyalı David Paskualikki gümüş medalın, Marko Morello isə bürünc medalın sahibi olublar. Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalibi Belarus yığması olub. Hollandiya və Ukrayna komandaları, müvafiq olaraq, gümüş və bürünc medallara yiyələniblər. Qadınlar arasında isə bu növ üzrə komanda yarışlarının qalibi Gürcüstan idmançıları olublar. Yunanıstan və İtaliya yığmaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında qızıl medalı Ukrayna komandası qazanıb. Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medala yiyələnib. Yarışın bu növü “Bakı-2015” Avropa Oyunları zamanı da keçiriləcək.

Xəbər 2402 dəfə oxundu.