Vətənimizin tarixində ən şərəfli missiyanı layiqincə təmsil edək
Azdan-çoxdan Olimpiadalarda, böyük yarışlarda iştirak eləmişəm. Orada olan abu-havanı, qayda-qanunu və davranışları bir çoxlarınız canlı da olmasa telekanallarda görmüsünüz. Amma bir məsələdən danışmaq istəyirəm, vacib bir məsələdən - azarkeşlərimizdən...

Niyə görə bizimkilərdən?

Məsələ burasındadır ki, dünya miqyaslı yarışlarda keçmiş sovet respublikalarını götürəndə ən pərakəndə azarkeşlər bizdədir. Yaxın qonşularımıza baxanda isə adamın lap paxıllığı tutur. Səhər yarışdan qabaq zala girməmişdən hamı bir nəfər kimi, bir küncə yığılıb müzakirələr aparır. Necə azarkeşlik etmək, hansı sözləri qışqırmaq, əgər iki yerdə yarış varsa, neçə nəfər ora göndərmək və sona qədər öz idmançılarıyla bir yerdə olmaq. Hətta ukraynadan olan bir vəzifəlinin çinli könüllülərinə öz dillərində “Ukraina vpered” yazdırıb əzbərlətdirməsinin də şahidi olmuşam. Bunun kimi onlarla fakt göstərmək olar.

Bizimkilərin gəlişindən bilinir ki, hərə bir yerə çəkilir. İki-iki, üç-üç gəlib zalda da elə otururlar. Bir-birilərinə yaxınlaşmaqdan qorxurlar. Vay o gündən ki, idmançımızın ayağı bir az büdrədi. Onu ruhlandırmaqdansa, qələbəyə səsləndirməkdənsə ondan qabaq ruhdan düşüb hərəsi bir tərəfə əyilir. Çənələri də əllərinin üstündə. Yazıq idmançı da zala baxıb həmvətənlərinin çoşğusunu görməyəndə lap həvəsdən düşür.

Birinci Avropa Oyunlarına sayılacaq günlər qalır. Azərbaycanımızı çətin və şərəfli sınaq gözləyir. Biletlərin qiymətlərinə gəlincə isə bu məbləğ (2-5 manat) iştirak etdiyim bütün yarışların biletlərindən dəfələrlə ucuzdur. Hər bir vətəndaş heç olmasa bir bilet alıb müxtəlif yarışlara azarkeşlik edə bilər. Gəlin heç olmasa öz vətənimizin tarixində bəlkə də, ən böyük, ən çətin, ən şərəfli missiyasını layiqincə təmsil edək. Həm vətəndaş kimi, həm azarkeş kimi...

İdmançılarımızın kimliyindən asılı olmayaraq, Azərbaycan bayrağı altında mübarizəsini dəstəkləyək. Və bu sınaqdan da üzüağ çıxaq. Rəhmətlik Bəşir Səfəroğlu demişkən: “Bizə bircə xal lazımdır”.

Xəbər 799 dəfə oxundu.