Qadın hokkeyçilərimizin Belçikadakı rəqibləri də bəlli oldu
Fevral ayında Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının 8 iştirakçı arasında III yeri tutması barədə məlumat vermişdik. O zaman həmin yarışın finalçıları- İtaliya və Uruqvay yığmaları Dünya Hokkey Liqasının növbəti-III raunduna birbaşa vəsiqə qazanmışdılar. Beynəlxalq Hokkey Liqası Turnirinin Reqlamentinə görə növbəti Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən anoloji yarışların yekununda finalçılardan əlavə III yeri tutanlar arasında ən yüksək reytinqə malik 1 komanda da növbəti mərhələyə çıxmaq hüququ qazanmaq imkanına malik idi. Mart ayının sonlarında həmin komandalar da müəyyənləşib. İrlandiyada Çili(20-ci yer), Hindistanda isə Malaziya(21-ci yer) milliləri III nəticə göstəriblər. Belə olan şəraitdə dünya reytinq siyahısında 19-cu yeri tutan Azərbaycan hokkeyçiləri rəqiblərini geridə qoyaraq 3 yarışın yekununda 3 cüt finaslçı ilə yanaşı 2016-cı il növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün yolunu davam etdirəcək. Beləliklə Dünya Hokkey Liqası turnirinin III mərhələsində mübarizə aparacaq 20 komanda hərəsində 10 iştirakçı olmaqla 2 şəhərdə qüvvələrini sınayacaq. Həmin yarışın hər birindən ilk 3 yeri tutanlar Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərlər. Artıq Azərbaycan millisinin daxil olduğu yarışdan 4 komandanın belə bir hüquq əldə edəcəyi indidən bəllidir. Belə ki, bu il iyunun 20-dən iyulun 04-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin III mərhələsində mübarizə aparacaq millimizin rəqibləri Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Koreya, Yeni Zelandiya və Polşa hokkeyçiləri olacaq. 10 iştirakçıdan biri artq başa çatan Asiya çempionatının qalibi Koreya yığması Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqəni özünə təmin edib.

Artıq Antverpen şəhərində keçirilən yarışın təqvimi də hazırdır. Belçikada “A” qrupuna daxil olan qadın otüstü hokkeyçilərimiz Niderland(1), Koreya(9),Yaponiya(10) və İtaliya(16) yığmalarına qarşı dairəvi sistemlə mübarizə aparacaqlar. Avstraliya, Yeni Zellandiya, Belçika, Hindistan və Polşa təmsilçiləri isə “B” qrupunda oynayacaqlar. İlkin mərhələnin yekununda “A” və “B” qruplarında sonuncu yerləri tutanlar IX-X yerlər uğrunda görüşəcəklər. Qrup qalibləri digər qrupun 4-cüsü ilə, qrup ikinciləri isə digər qrupun üçüncüləri ilə ¼ finalda qarşılaşacaqlar. Daha sonra həmin mərhələnin qaliblər yarımfinalda görüşərək finalçıları aşkarlayacaqlar.
Dünya Hokkey Liqası turnirinin III mərhələsində yarışmaq hüququ qazanan digər 10 komanda- Argentina, ÇXR, İspaniya, Kanada, Uruqvay, ABŞ, Almaniya, B.Britaniya, CAR və İrlandiya isə olimpiya vəsiqəsi uğrunda iyunun 10-dan 21-dək İspaniyanın Valensiya şəhərində yarışacaq.

Sonda onu da qeyd edək ki, Dünya Hokkey Liqası Turnirinin II raundunda keçmiş Sovetlər Birliyi Respublikalarından 6 komanda mübarizə aparsa da III mərhələyə onlardan yalnız biri- Azərbaycan millisi mübarizəni davam etdirmək hüququ qazana bilib. İnanırıq ki, 2 dəfə 2008-ci ildə Bakıda və 2012-ci ildə Yaponiyada keçirilən olimpiya seçmə-təsnifat turnirlərinin final oyununda məğlub olan qadın otüstü hokkeyçilərimiz bu dəfəki şansdan maksimum yararlanmağa çalışacaqlar.

Xəbər 2179 dəfə oxundu.