"Baku Fires" klubunun keçirəcəyi döyüşlə əlaqədar mətbuat konfransı təşkil olunub
Venesuela komandasının baş məşqçisi Omar Koffi Karakas - Roma - İstanbul - Bakı təyyarə reysi və ardından avtobusla Qubaya üst-üstə 24 saat yol qət etdiklərini açıqlayıb. Bununla belə, Koffi görüşdən 2 gün tez gəldiklərini və bərpa üçün vaxtlarının olduğunu vurğulayıb. O, Azərbaycanda olmalarından məmnunluğunu dilə gətirib. Qubalılara mehriban və qonaqpərvər münasibətləri qarşılığında minnətdarlıq edən baş məşqçi komandasından maraqlı döyüş gözlədiyini bildirib.

"Baku Fires"in baş məşqçisi Nuripaşa Talıbov isə görüşün gərgin keçəcəyini bildirib. Azarkeşlərə müraciət edən Talıbov zalı doldurmalarını istəyərək, əvəzində onlar üçün baxımlı döyüş sərgiləyəcəklərini vəd edib : "Hər bir görüşdə qələbə üçün mübarizə aparırıq. Bütün boksçularımızdan qələbə gözləyirik. Biz maksimalistik, 5:0 hesablı qələbə lap yaxşı olar. Əsas hədəfimiz hər bir boksçunun fərdi reytinqdə yüksək sıralarda olmasıdır. Çünki bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün vacibdir. Fikrimcə, hələlik komandamız qarşıya qoyulan məqsədi yaxşı yerinə yetirir. Fərdi reytinqlə yanaşı, qrupda mövqeyimiz barədə də düşünürük. Hazırda 3-cü pillədəyik. Məncə, ilkin vəzifənin - növbəti mərhələyə yüksəlməyin öhdəsindən gələcəyik".

Ötən tur "Baku Fires"in səfərdə "İtalia Thunder" klubu ilə keçirdiyi görüşündə xoşagəlməz hadisə baş verib. 81 kq çəki dərəcəsində çıxış edən yerli boksçu Valentino Manfredoniya Soltan Migitinovla qarşılaşmadan sonra qələbəsini çılğın formada qeyd edib. Talıbov Migitinovun soyuqqanlı reaksiyasını onun soyuqqanlı və sakit xarakterli idmançı olması ilə əlaqələndirib: "Əslində Soltan uduzmamışdı, qələbəsi əlindən alındı. Artıq bu mövsüm ilk dəfə deyil ki, o, belə haqsızlıqlarla üzləşir. Bu dəfə isə rəqib boksçu Migitinovu təxribata çəkmək istədi. Lakin boksçumuz hakim ədalətsizliyinə və rəqibin jestlərinə reaksiya vermədi".

Cavid Dadaşovun 49 kq çəki dərəcəsində ilk dəfə WSB Liqasında rinqə çıxacağını xatırladan "Baku Fires"in baş məşqçisi boksçunun 5 raundluq döyüşə hazır olduğunu bildirib: "Dadaşova ümidimiz böyükdür və sabah layiqli mübarizə aparacağını gözləyirik".

İdmançının özü də Martinez Kordova ilə qarşılaşmaya hazır olduğunu təsdiqləyib.

Talıbov "Baku Fires" üzvlərinin "Bakı 2015" I Avropa Oyunlarında iştirak məsələsinə də toxunub. Baş məşqçi bildirib ki, 15 - 19 apreldə Bakıda Avropa Oyunları öncəsi test xarakterli beynəlxalq "Böyük İpək Yolu" turniri keçiriləcək. O, WSB Liqasından olimpiadaya lisenziya qazanmağa əsas namizəd sayılan boksçuların turnirdə iştirakını məqsədəuyğun saymadıqlarını söyləyib: "Lisenziya qazanmayan digər boksçularımızın bu turnirdə çıxış etmələrini təmin edəcəyik. İstərdik ki, milli komandanın baş məşqçisi də onların nəyə qadir olduqlarını görsün. "Böyük İpək Yolu"ndan sonra yığmadakı həmkarım kimin Avropa Oyunlarında döyüşəcəyinə dair qərar verəcək".

Qeyd edək ki, martın 14-də Quba Olimpiya Kompleksində keçiriləcək "Baku Fires" - "Caciques Venezuela” döyüşü saat 19:000-da başlanacaq. Azərbaycan klubunun üzvlərindən Cavid Dadaşov (49 kq) Martinez Kordovanı, Məhəmməd Qurbanov (56 kq) Villaviçenzio Rodrigesi, Heybətulla Hacəliyev (64 kq) Arkon Diası, Jaba Xositaşvili (75 kq) Barrera Korbajı, Əbdülqədir Abdullayev (91 kq) isə Villi Kyakoneni sınağa çəkəcək. Bu komandalar arasında Venesuelada keçirilmiş görüşdə yerli komanda qalib gəlib - 3:2

Xəbər 1104 dəfə oxundu.