“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib
“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda mübarizə aparan “qırmızı-qaralar” 8 yaş qrupundan 5-də meydana çıxıb. Bu komandaların hərəsi 3 xal qazanıb.

U-19 komandası “Əlincə” ilə səfər oyununda böyükhesablı qələbə qazanıb. 3 cavabsız qolla qalib gələn “Qəbələ” 20 oyunda 41 xal toplayıb. “Qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

“Qəbələ”nin 14 matçda 38 xalla liderlik etdiyi U-17 Liqada isə qısa fasilə yaranıb. Komanda növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaq.

U-16 öz meydanında “İnter”i sınağa çəkib. Komanda bu matçda 1:0 hesabı ilə qalib gəlib. 19 oyunda 50 xal toplayan “Qəbələ” turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Qırmızı-qaralar” 2 həftədən sonra baş tutacaq növbəti turda “Turan”ın qonağı olacaq.

“İnter”ə 1:0 hesabı ilə qalib gələn U-15 2-ci pillədə qərarlaşıb. 18 oyunda 38 xal toplayan “Qəbələ” növbəti turda AZAL-la qarşılaşacaq. Komanda bu oyunu səfərdə keçirəcək.

U-14 Liqasının paytaxt zonasında çıxış edən "Qəbələ" yarışın lideri “İnter”i məğlub edib – 1:0. 12 matçdan sonra hesabında 31 xal olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti oyununu “Neftçi”yə qarşı keçirəcək.

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında Şəkinin UGİM-i ilə qarşılaşan “qırmızı-qaralar” böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 6:0. 11 matçda 29 xal toplayan komanda yarışın vahid lideridir. “Qəbələ”nin növbəti rəqibi Yevlaxın UGİM-idir.

Xəbər 828 dəfə oxundu.