Samuxda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib
Samux rayon Gənclər və İdman İdarəsi, təddbirlər planına əsasən, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə, martın 12-də Samux rayon Qarabağlı kənd tam orta məktəbin stadionunda, rayonun 23 tam orta məktəbləri arasında "Şahin" hərbi - idman oyununun rayon birinciliyi keçirilib.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə qərarı ilə orta məktəblərin VIII-X sinif şagirdləri arasında keçirilib. Yarışı giriş sözü ilə Samux rayon Gənclər və İdman İdarəsinin rəisi R.Qarayev açaraq yarışı keçirməkdə məqsəd gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu qeyd edib.

Yarışın yekun nəticələrinə görə birinci yerə Qarayeri 1 saylı, ikinciyə Alıuşağı kənd, üçüncüyə Qarabağlı kənd, dördüncüyə Samux şəhər 3 saylı, beşinciyə Samux şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görülüb.

Birinci, ikinci və üçüncü yerə layiq görülən komandalara Samux rayon Gənclər və İdman idarəsinin diplomları və kubokları təqdim olunub.
Rayon birincisi Qazax şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.

Xəbər 1192 dəfə oxundu.