Kişi hokkeyçilərimiz CAR-da ilk qələbəyə sevindilər
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı yarada biləcək Dünya Hokkey Liqası turnirinin II raundunun ilkin mərhələsi başa çatıb. Təəssüf ki, ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandası ilk olaraq fransızlarla(0:4), ikinci oyunda Belarus millisinə(3:4) hesabı ilə məğlub olduqdan sonra dünən qrupda sonuncu görüşü Çexiya hokkeyçilərinə qarşı keçiriblər. Həmin matçın 11-ci dəqiqəsində yığmamız hesabı açsa da rəqiblər 14-cü dəqiqədə bərabərlik qolunu vurublar. Qalan 46 dəqiqə ərzində 1:1 hesabı dəyişməz qaldığından FİH-in reqlamentinə görə qalibi aşkar etmək üçün “bullitlər seriyası”ndan istifadə olunub. Qapıçımız Vüsal Əhmədovun əzmkarlığı sayəsində millimiz həmin görüşdə 3:1 hesabı ilə qələbə qazanıb. Dünən “B” qrupuna daxil olan Fransa və Belarus millilərinin qarşılaşmasında fransızlar rəqiblərini 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Beləliklə, “B” qrupunda Fransa millisi 9 xalla ilkin mərhələni lider kimi başa vurub. Çexiya hokkeyçiləri 4 xalla II, rəqibindən 1 xal geri qalan Belarus yığması III və aktivində cəmi 2 xalı olan(bullitlər seriyasındakı qələbəyə görə 2, məğlub olana isə 1 xal verilir) həmyerlilərimiz isə sonuncu-IV yeri tutublar.

“A” qrupunda Cənubi Afrika Respublikasının komandası 8 xalla I olub. Misir təmsilçiləri 6 xalla II sırada qərarlaşıblar. Çin hokkeyçiləri 4 xalla qrup III, keçirdiyi bütün oyunlarda məğlub olan İsveçrə yığması isə IV yeri tutub.

Sabah - martın 12-də Dünya Hokkey Liqası turnirinin II raundunda qrup qalibləri ¼ finalda digər qrupda 4-cü yeri tutan komanda ilə görüşəcək. Qruplarda II yeri tutanlar isə digər qrupun III –sü ilə qarşılaşacaq. İlk olaraq meydana Fransa və İsveçrə milliləri çıxacaqlar. Həmin oyun başa çatdıqdan sonra Misir-Belarus və ardınca Çexiya - Belarus matçları keçiriləcək. Günün son görüşü Bakı vaxtı ilə saat 20.30 dəqiqədə meydan sahibi- CAR və Azərbaycan hokkeyçiləri arasında baş tutacaq. ¼ finalın qalibləri bir gün sonra-martın 14-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final görüşünün qalibi və digər yerlərin sahibləri martın 15-də baş tutacaq oyunların nəticəsində müəyyənləşəcək. Qeyd etdiyimiz kimi, bu yarışın mükafatçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq.

Xəbər 2669 dəfə oxundu.