Kişi hokkeyçilərimiz mötəbər yarışa yollanıb
Növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək hüququnu reallaşdırmaq üçün Azərbaycanın qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaları Dünya Hokkey Liqası turnirinin mərhələ yarışlasrında mübarizə qoşulublar. Kişi otüstü hokkeyçilərdən ibarət milli komandamız ötən ilin sentyabr ayında Omanın Muskat şəhərində Dünya Hokkey Liqası turnirinin I mərhələsinin qalibi kimi II raunda vəsiqə qazanmışdı. 2015-ci ilin fevral ayında isə qadın hokkeyçilərdən ibarət yığmamız reytinqi yüksək olduğuna görə Uruqvayın Montovideo şəhərində təşkil edilən Dünya Hokkey Liqasının II raundunda mübarizə apararaq III yeri tutması barədə məlumat vermişdik(qadın hokkeyçilərimizin növbəti mərhələdə iştirak etməsi barədə rəsmi açıqlama bu ay Hindistanda və İrlandiyada keçirilən yarışların yekununda veriləcək).

Odur ki, martın 7-dən 15-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən anoloji turnirdə ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandasının iştirakı da maraqla gözlənilir. Qadınların yarışından fərqli olaraq CAR-da 8 yığma arasında ilk 3 yeri tutanlar birbaşa III mərhələyə çıxacaqlar.Hokkeyçilərimiz ciddi sınaq qarşısında son hazırlığı Bakıda keçərək martın 3-də səfərə yola düşüblər. Bütün xərcləri Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən ödənilən milli komandamız artıq Keyptaun şəhərində rəsmi oyunlara hazırlaşır. “B” qrupuna daxil olan hokkeyçilərimiz Dünya Hokkey Liqası turnirinin II raundunda ilk olaraq martın 7-də Bakı vaxtı ilə saat 11.30 dəqiqədə Fransa , bir gün sonra elə həmin vaxt Belarus və martın 10-da(saat 14.00-da) son qrup oyununu Çexiya təmsilçilərinə qarşı keçirəcəklər. “A” qrupunda isə Misir, İsveçrə, CAR və Çin Xalq Respublikasının milli komandaları yarışacaq. İlkin mərhələ başa çatdıqdan sonra martın 12-də qrup qalibləri ¼ finalda digər qrupda 4-cü yeri tutan komanda ilə görüşəcək. Qruplarda II yeri tutanlar isə digər qrupun III –sü ilə qarşılaşacaq. Daha sonra ¼ finalın qalibləri martın 14-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final görüşünün qalibi və digər yerlərin sahibləri martın 15-də baş tutacaq oyunların nəticəsində müəyyənləşəcək. Qeyd etdiyimiz kimi, bu yarışın mükafatçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. İnanırıq ki, kişi hokkeyçilərimiz də ən azı bir ay əvvəl xanımlarımızın göstərdiyi nəticəni təkrarlamaqla növbəti mərhələdə yarışmaq hüququna sahib olacaqlar.

Xəbər 2189 dəfə oxundu.