Milli komandamızın futbolçusu “Qəbələ”yə lazım olmadı
“Bakı”nın transferə çıxardığı braziliyalı futbolçu Fabio Luis Ramim “Qəbələ” klubuna lazım olmayıb. İdman.com.az saytının məlumatına görə, “Qəbələ”nin baş meneceri Zaur Əzizov apasport.az-a açıqlamasında yığmamıza da cəlb olunan milliləşdirilən yarımmüdafiəçinin xidmətində maraqlı olmadıqlarını bildirib: “Fabio bizə təklif olunmuşdu. Bu, menecer tərəfindən edilmişdi. Ancaq biz Ramimi transfer etmək fikrində olmadığımızdan, bu təklifi qəbul etmədik. Ona görə, bu məsələ artıq qapanıb və Fabionun komandamıza keçidi gündəmdə deyil”.

Qeyd edək ki, 2005-ci ilin qışından ölkəmizdə oynayan, Berti Foqtsun baş məşqçiliyi dövründə millimizə cəlb edilən Ramim özünə yeni komanda axtarır. Bu, “Bakı”nın latviyalı baş məşqçisi Aleksandr Starkovun qış fasiləsində ondan imtina etməsindən sonra baş verib. “Zolaqlılar”ın 2008-ci ilin yayından şərəfini qoruduğu 30 yaşlı orta sahə oyunçusu ilə müqaviləsi var və başqa kluba keçidlə bağlı təklifi nəzərdən keçirməyə hazırdır.

Xəbər 905 dəfə oxundu.