Qələbə əzmi böyük uğurların açarıdır
Haqqında söhbət açacağım idmançı Rəsul Cəfərlinin cəmi 10 yaşı var. Döyüş idman növləri üzrə peşəkar idmançı idmançı olmaq istəyən bu yeniyetmə böyük idmana gedən yolun astanasındadır. İştirak etdiyi ilk beynəlxalq yarışda – Moskvada okinava karate do və kobudo döyüş növləri üzrə qitə çempionatında uğurlu çıxışı, qazandığı qızıl medal bunu deməyə əsas verir. Əslində, Avropa çepmionatına qədər keçdiyi yolda kövrək də olsa, qəti addımların izini görmək olar. İdmançının elə ən çətin sınağı da bu dövrə təsadüf edir.

Rəsul Cəfərli idmançı Azər Cəfərlinin ailəsində böyüyür. Atası oğlunun idmana bu qədər bağlılığından qürur duyduğunu dedi: “Qeyri-olimpiya idman növlərinə də ölkəmizdə yüksək diqqət və qayğı olduğundan bu növlər, xüsusilə döyüş idman növləri cox inkişaf edib. Uşaqlar arasında bu növlərə maraq hədsizdir. Oğlum kiçik yaşlarında gimnastika ilə məşğul olub. Gimnastika uşaqların hərtərəfli inkişafına mühüm təsir göstərir. Daha sonra cüdo məşqlərinə gedib. Bu idman növləri ilə bərabər, həm də karate ilə məşğul olub. Karatenin sirlərinə yiyələndikcə, ona daha sıx bağlanır. Bir gün də olsa məşqdən qalmır. Şübhəsiz, onun çalışqanlığı, bütün əziyyətlərə qatlaşıb məşqlərə davam etməsi məni sevindirir”.

Rəsul aramsız məşqlər nəticəsində paytaxt və respublika yarışlarında yüksək nəticələr qazanmış, qitə çempionatının qalibi olmuşdur. Onun məşqçisi Rza Mustafayev yetirməsinin qitə çempionatında həm fiziki, həm də texniki cəhətdən fərqləndiyini qeyd etdi: “Bu idman növündə fiziki hazırlıqla yanaşı, digər xüsusiyyətlər də mühüm rol oynayır. Rəsulun taktiki, texniki və psixoloji cəhətdən də rəqibdən üstünlüyü açıq-aşkar görünürdü”. Rəsul Cəfərli 220 saylı məktəb-liseyin ...sinfində təhsil alır. Atası

onun idmanla yanaşı, dərslərinə də diqqət etdiyini bildirdi: “Gələcəkdə bizə hərtərəfli inkişaf etmiş güclü, həm də ağıllı gənclər lazımdır. Sağ olsun məktəbin kollektivi, müəllimlər övladlarımızın yüksək səviyyədə təhsil almalarına yardımçı olurlar. Məktəb direktoru Almaz xanım Əsgərova Rəsulun qitə çempionatında iştirakına imkan yaratdı. Həmin məktəbin daha bir şagirdi Kənan Yaqubov da Avropa çempionatında yüksək nəticələr qazanıb”.

Məlumat üçün bildirək ki, Azərbaycan Qocyu-Ryu Okinava Karate Do, Kobudo Federasiyasının və İKO Matsushima Karate təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin yığma komandası həmin yarışda Vidadi Xəlilov və Tarverdi Allahverdiyevin rəhbərliyi altında iştirak edirdi. Komandamızın üzvləri - Rəsul da daxil olmaqla - Coşqun Əhmədov, Vidadi Xəlilov, Rza Mustafayev, Əli Əliyev, Elçin Abdullayev, Günay Əliyeva və Fərid Rəsulov qitənin ən güclüləri olublar.

Rza Mustafayev cari ilin iyul ayında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək karate üzrə dünya çempionatında Rəsulun da iştirak edəcəyini və bu yarışda da qalib olacağına əmin olduğunu bildirdi.

Balaca qəhrəmanımla görüşümüzün sonunda dərslərinə yaxud idmana önəm verdiyini soruşdum. Cavab dəqiq olmasa da məntiqli oldu: Dərslərimi yaxşı oxuyuram. Riyaziyyat fənni mənim üçün daha maraqlıdır. Müəllimlərimi çox sevirəm – xüsusilə sinif rəhbərimiz Şərqiyyə Nəsibovanı. Orta məktəbi yaxşı qiymətlərlə başa vurmaq, təhsildə fərqlənənlər sırasında olmaq arzusundayam. Məşqçimin də hər bir tapşırığını dəqiq yetirmək üçün öz üzərimdə bundan sonra da çalışacağam. Arzum idmanda yüksək zirvəyə ucalmaqdır.

Gələcəkdə həm təhsildə, həm də idmanda nailiyyətlər əldə etmək arzusunda olan bu yeniyetmə oğlanın çalışqanlığı, qələbə əzmi onun daha böyük uğurlarından soraq verir.

Leyla QURBANOVA

Xəbər 2880 dəfə oxundu.