Polina Rəhimova liderliyini qoruyur
“Azərreyl”in əsas “vuran əli” Polina Rəhimova son turun yekununa əsasən Avropa Çempionlar Liqasının bombardirlər siyahısında liderliyini qoruyub. İdman.com.az saytının məlumatına görə, milli komandamızın aparıcı voleybolçusunun hesabında 120 xal var. Ondan 6 xal geri qalan “Əczaçıbaşı”nın hücumçusu Nəslixan Darnel 2-cidir. İlk “üçlüyü” Moskva “Dinamo”sunun üzvü Natalya Qonçarova qapayır (98 xal).

Son turda meydana çıxmayan “Rabitə”nin təcrübəli voleybolçusu Natalya Osmokroviçin (73 xal) onuncu pilləyə yuvarlanması təbiidir. Əvəzində, zədə üzündən ilk oyunu buraxdıqdan sonra müntəzəm olaraq, “sarı-qırmızılar”ın heyətində yer alan Natalya Məmmədova sürətlə irəliləməkdədir. Dünya ulduzu 59 xalla 22-ci yerdə qərarlaşıb. Qeyd edək ki, milli komandamızın “əsas silahı” 3 dəfə ardıcıl qitənin ən nüfuzlu klub turnirinin bombardiri olub.

Xəbər 997 dəfə oxundu.