Rəqibləri lideri daha bir çempionluğa itələyir
Milli futbol çempionatında ötən tur baş verənlər də, qış fasiləsindən sonrakı durumu lap əvvəlindən doğru-düzgün qiymətləndirdiyimizi bir daha təsdiq edir. İddialı komandaların heç biri yetərincə sayğı göstərib, mövsümün həlledici hissəsinə doğru-dürüst hazırlaşmayıb.

Əslində, digər rəqiblərə nisbətən çox «Neftçi» ilə «İnter»dən daha çox şey gözləyə bilərdik. Lakin, görünür, «beynəlmiləlçilər» indidən yeni baş məşqçinin ab-havasına daxil olmağa başlayıblar. Bəlkə də son transferlər elə gələcək məşqçinin seçimi ilə bağlı bəzi məqamları da indidən açıqlayır. Hətta bunun özü belə, klubun öz dəst-xəttinə sayğısızlığının əlaməti təsiri bağışlayır. Məncə, «Neftçi» də elə bu sayaq, günlərini keçirir. Bunlar subyektiv düşüncələr olsa belə, həqiqətə çox yaxın olduğundan, komandalar elə indidən istədiklərini yerinə yetirib, sükançıları dəyişə bilərdilər. Məqsəd yox, məram-niyyət mövsümü bu cür başa vurmaqdırsa, hər iki paytaxt təmsilçisi üçün qorxulu heç nə yoxdur. Xüsusən, «Xəzər Lənkəran»la «Qəbələ»də baş verənləri nəzərə alsaq, vəziyyət heç də dramatizmə meylli deyil. Nə «Simurq», nə də AzAL qəfil sıçrayış cürətinə malik olmadıqlarından, qeyri-adi bir şey baş verməsə, mövsüm mübarizəsiz yekunlaşacaq.

Əlbəttə, ötən tur «Neftçi» ilə «Qarabağ»ın əzəli rəqabəti azarkeşləri ovsunlayırdı. Lakin bu da elə adda qaldı. İndiki vəziyyətdə «Neftçi» yalnız «Qarabağ» imkan verdiyi qədər oynaya biləcəyini bir daha göstərdi. Böyümək istəməyən komandaların sayğısızlığı, açığı, azarkeşə təhqirdir. Elə buna görə də tribunalarımız get-gedə seyrəlməkdədir. Hərçənd Avroliqadakı son illərin nəticələri fərqli düşünməyə də əsas verirdi. Əgər Avropadan nümunə çəksək, tez-tez belə eniş-yoxuşlarda olan «Latsio» ilə «Roma»nın əzəli rəqabəti bu cütlüyə nümunə ola bilər. İstənilən vəziyyətdə Roma derbisinin dadsız-duzsuz keçəcəyini gözləmək olmaz. Belə misalları çox çəkmək olar.

Oyuna gəldikdə, «Qarabağ» qarşılaşmanın ipini əvvəldən axıra qədər əlində saxlamaqla, rəqibin kobud strateji-taktiki səhvlərə yol verdiyini aşkar göstərdi. İlk əvvəl özü də ehtiyatlı olub, «ağ-qaralar» atacağı addımları gözləyən Ağdam klubu çox keçmədən cüzi inadla bütün vəziyyəti nəzarət altına alaraq, sona qədər şansı qaçırmadı. «Neftçi» isə bu durumdan heç xilas olmaq fikrində olmadı.

«İnter»in düşdüyü vəziyyətin qiymətini AzAL verdi. Əslində, bu durum həm də AzAL-ın böyük iddialara nəyə görə qadir olmadığını əyani nümayiş etdirdi. Eyni sözləri «Simurq» haqqında da söyləmək olar. «Sumqayıt» «Qəbələ»nin düşdüyü vəziyyətdə dirçəlməyi qəti düşünməli olan Zaqatala klubuna yerini göstərdi. Təəssüf ki, «Qəbələ»nin də qəflətən ayıldığın söyləimək olmur. Əslində, artıq yeni sükançı istədiklərini, gec də olsa, aşkara çıxarmağa başlamalı idi. Lakin komandanın yaralı «Xəzər Lənkəran»la oyunda da yalnız təsadüflər və rəqibin səhvləri üzündən 3 xal əldə etməsi aldadıcı görünməsin.
Artıq vəziyyətin dəyişməsi ehtimalı gündən-günə azalır.

BATI YAR

Xəbər 783 dəfə oxundu.