Samuxda 135 ağır atlet körpücük üzərində
“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın 2015-ci ildə 1-ci seçmə mərhələsi tam sürətlə davam edir. Klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçirilən yarışlardan növbətisi Samuxda olub və yenə rekord qeydə alınıb.

Fevralın 20-də Samuxda qərb zonasındakı filiallarımızın atletləri güclərini sınayıblar. Bu dəfə onların sayı 135 nəfər olub. Bu, ötən belə yarışdan xeyli çoxdur. Çünki 2014-cü ilin noyabrındakı mərhələ yarışında cəmi 94 atlet gücünü sınamışdı.

Beləliklə, mərhələ yarışlarında bu günə qədər 425 ağırlıqqaldıran medallar uğrunda mübarizə aparıb. Fantastik rəqəmdir. Nəzərə alsaq ki, daha bir yarış sabah – fevralın 23-də Abşeronda keçiriləcək, bu rəqəmin artması labüddür.

Yarışlar şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.

Xəbər 1081 dəfə oxundu.