“Qadın hokkeyçilərimiz finala çıxmaq üçün var qüvvələrini sərf edəcəklər”
Uruqvayın Montovideo şəhərində qadın otüstü hokkeyçilərdən ibarət 8 ölkənin milli komandaları arasında keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə davam edir. Dünən yarımfinal mərhələsinə vəsiqə qazanan yığmalar istirahət etsə də V-VIII yerlər uğrunda yarışanlar qarşılaşıblar. Qeydə alınan nəticələr belədir:

Fransa - Keniya – 4:0

Trinidad Tobaqo- Dominikan Respublikası -3:2

Sabah yerli vaxtla saat 12.30 dəqiqədə Keniya və Dominikan hokkeyçiləri VII yer uğrunda yarışacaqlar. Fransa və Trinidad Tobaqo komandaları isə saat 15.00-da V yerin sahibini müəyyənləşdirəcəklər.

Növbəti Yay Olimpiya Oyunlarına iştirak hüququ uğrunda mübarizəni davam etdirmək üçün bu gün ¼ finalın qalibləri yarımfinal mərhələsində qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23.30-da (nəzərinizə çatdırırıq ki, Uruqvayla ölkəmiz arasındakı vaxt fərqi 6 saatdır) Azərbaycan – İtaliya matçı start götürəcək. Yerli vaxtla saat 20.00-da Uruqvay və Meksika komandaları qarşılaşacaq.

Dünən milli komandamızın baş məşqçisi Adil Paşayevlə telefon əlaqəsi saxladıq və o hokkeyçilərimizin italiyalılar üzərində qələbə qazanmaq üçün var qüvvələrindən istifadə edəcəklərini bildirdi. -Komandada əhval-ruhiyyə yüksəkdir, ancaq layiqli əvəzedicilərin-ehtiyat qüvvənin olmaması işimizi bir qədər çətinləşdirir. Hər halda 4 qələbədən sonra uduzmaq istəmirik”-deyə baş məşqçi Adil Paşayev nikbin ruhda danışdı.

Xatırladırıq ki, bu gün ½ final mərhələsində qalib gələnlər fevralın 22-də finalda, məğlub olanlar isə III yer uğrunda görüşəcəklər. Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunun üçün bir qədər gözləmək lazım gələcək. Mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Maraqlıdır ki, hazırda Uruqvayda keçirilən yarışın statistikasında ən çox qol vuranların siyahısına birdən-birə 3 Azərbaycan hokkeyçisi başçılıq edir. Fəridə Məmmədova 6 qol vuraraq 1-ci yeri tutur. Xatirə Əliyeva və Lyubov Drujinina rəqib qapılarından hərəyə 5 top keçiriblər. Siyahıda IV yerdə isə İtaliya hokkeyçisi Rugeri (5) qərarlaşıb.

Xəbər 2132 dəfə oxundu.