Üzgüçülük üzrə “Təhsil” RİM-in açıq birinciliyi
Fevralın 14-15-də “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) açıq çempionatı keçirilib. Xətai UGİM-nin üzgüçülük hovuzunda təşkil edilən yarışlarda 110-na yaxın yeniyetmə idmançı iştirak edib.

Yarışın hakimi, 1 saylı UGİM-in baş məşqçisi Mahmud Şahbazovun qəzetimizə verdiyi məlumata görə, turnirdə “Təhsil” RİM-in üzgüçüləri ilə yanaşı, digər klub və cəmiyyətlərdən də idmançılar qüvvələrini sınayıblar. “Ötən illə müqayisədə birincilikdə iştirakçıların sayı daha çox idi.

Bu da daha idmançılar arasında rəqabətin daha yüksək olmasına imkan yaratdı”, - deyə o əlavə edib. Məşqçinin sözlərinə görə açıq birincilik martda keçiriləcək qış çempionatına seçmə xarakteri daşıyırdı.

Qeyd edək ki, yeniyetmə idmançılar açıq çempionatda batterflyay, arxasıüstə üzmə, brass, sərbəst üsulla üzmə yarışlarında 50 və 100 metr məsafə üzrə mübarizə aparıblar.

Ümumi komanda hesabında birinci yeri “Təhsil” RİM-in 1 saylı UGİM-nin komandası tutub. İkinci və üçüncü yerlərə Sumqayıt və Xətai UGİM-lərinin üzgüçüləri layiq görülüblər.

Leyla QURBANOVA

Xəbər 1949 dəfə oxundu.