Qadın otüstü hokkeyçilərimiz Hindistana yollanacaq
Qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız aprelin 25-dən mayın 6-dək London Yay Olimpiya Oyunlarının seçmə turnirinə hazırlığın növbəti mərhələsini Hindistanda keçirəcək.
İdman.com.az saytı xəbər verir ki, komandamız Dehlidə hindistanlı həmkarları ilə birgə 10 günlük təlim-məşq toplanışında olacaq və 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Hokkeyçilərimız qarşıdakı məsul yarışa baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə hazırlaşacaq. Bu işdə ona pakistanlı məşqçi Zahid Ali və Ceyhun Mirzəyev kömək edəcəklər.
Milli komandamızın heyətinə Yuliya Muradi, Liana Nuriyeva, Lyudmila Çequrko, Seda Xeyirova, Fəridə Məmmədova və bir neçə təcrübəli idmançılar cəlb olunub. A.Paşayev Hindistanda 25 oyunçunu sınaqdan keçirəcək və məhz bundan sonra heyəti müəyyənləşdirəcəkdir.

Qeyd edək ki, Hindistan milli komandası London Yay Olimpiya Oyunlarında iştirak etmək üçün başqa təsnifat turnirində mübarizəyə qoşulacaq. Yaponiyada keçiriləcək turnirdə Azərbaycan hokkeyçilərinin rəqibləri yerli idmançılarla yanaşı, Çili, Belarus, Malayziya və Trinidad-Tabaqo yığmalarıdır. Həmin yarışda yalnız 1-ci yeri tutan komanda Londona vəsiqə qazanacaq.

Xəbər 1163 dəfə oxundu.