Qadın hokkeyçilərimiz yarımfinala vəsiqə qazandı
Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası ¼ final mərhələsində də qələbə qazanıb. Yarışın reqlamentinə görə ilkin mərhələdə qrupların qalibləri digər qrupda sonuncu- IV yeri tutan komanda ilə qarşılaşırdı. Dünən “A” qrupunda axırıncı yeri tutan Trinidad Tobaqo hokkeyçiləri ilə həmyerlilərimizin böyük üstünlüyü ilə keçib və 5:0 hesabı ilə nəticələnib. Həmin oyunda Xatirə Əliyeva və Lyubov Drujinina hərəyə 2 qol vurublar. 5-ci topun müəllifi isə Fəridə Məmmədova olub.

¼ final mərhələsinin digər oyunları belə nəticələnib:

Fransa – Meksika -1:1 (bullitlər seriyasında 0:2)

İtaliya –Trinidad Tobaqo-3:0

Uruqvay – Keniya -3:0

Növbəti Yay Olimpiya Oyunlarına iştirak hüququ uğrunda mübarizəni davam etdirmək üçün sabah - fevralın 21-də ¼ finalın qalibləri yarımfinal mərhələsində qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23.30-da (nəzərinizə çatdırırıq ki, Uruqvayla ölkəmiz arasındakı vaxt fərqi 6 saatdır) Azərbaycan – İtaliya matçı start götürəcək. Yerli vaxtla saat 20.00-da Uruqvay və Meksika komandaları qarşılaşacaq.

½ final mərhələsinin qalibləri fevralın 22-də finalda, məğlub olanlar isə III yer uğrunda görüşəcəklər. Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunun üçün bir qədər gözləmək lazım gələcək. Mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququna sahib olacaq.

Xəbər 2139 dəfə oxundu.