“Azəryol” voleybol klubu Azərbaycana qayıtmaqda problemlə üzləşib
“Azəryol” voleybol klubu Azərbaycana qayıtmaqda problemlə üzləşib. Bakı təmsilçisi Çempionlar Liqasının I pley-off mərhələsinin cavab oyunları çərçivəsində İtaliya “Yamamay”ı ilə dünən baş tutan görüşdən sonra bu gün vətənə dönməli idi.

Komandamızın Bakıya qayıda bilməməsinə səbəb əlverişsiz hava şəraitidi. “Türk Hava Yolları” (THY) aviaşirkəti ilə geri qayıtmalı və İstanbulda reysi dəyişərək, Bakıya gəlməli olan “Azəryol”un Milanı nə vaxt tərk etməsi sual altındadı.

Belə ki, İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib. Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk hava limanının işini iflic edib.
Hazırda “Azəryol” rəhbərliyi “Türk Hava Yolları” ilə danışıqlara başlayaraq, komandanın nə vaxt geri dönə biləcəyini dəqiqləşdirirlər. Bu isə Jeremi Estesin yetirmələrinin Super Liqada təxirə salınmış oyununun bir daha təxirə salınmasına səbəb ola bilər. Çünki fevralın 22-də “Lokomotiv”lə qarşılaşmalı olan komanda ən yaxşı halda sabah gecə saatlarına Bakıya dönəcək və 1 günlük istirahətdən sonra məşq etmədən oyuna çıxması gözlənilən deyil.
Qeyd edək ki, “Azəryol” cavab matçında “Yamamay”a 3:2 hesabı ilə qalib gəlsə də, Bakıdakı 1:3 hesablı məğlubiyyət səbəbindən mərhələ adlaya bilməyib.

Xəbər 827 dəfə oxundu.