Qadın hokkeyçilərimiz iki qələbə qazandılar
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu günlər Uruqvayın Montovideo şəhərində növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparır. Artıq “B” qrupuna daxil olan yığmamız 2 oyun keçirib və hər 2-sində qələbə qazanıb. İlk görüşdə Trinidad-Tobaqo komandası ilə qarşılaşan həmyerlilərimiz rəqilərini 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.Hokkeyçilərimizdən Xatirə Əliyeva 3, Fəridə Məmmədova isə 2 qolun müəllifi olub. Dünən qızlarımız 2-ci oyunda Fransa millisi ilə qarşılaşıblar. Matçın 2-ci dəqiqəsində Mahirə Əhmədova hesabı açıb. 6 dəqiqə sonra rəqib komanada hesabı bərabərləşdirə bilib. 17-ci dəqiqədə Lyubov Drujinina yenidən millimizi hesabda irəli çıxarıb. Amma hokkeyçilərimizin qol sevinci yenə də uzun sürməyib. 20-ci dəqiqədə frasızlar hesabda tarazlıq yaradıblar-2:2. Amma, 46-cı dəqiqədə baş məşqçi Adil Paşayevin yetirmələri Lyubov Drujininanın vurduğu daha 1 qolla növbəti dəfə hesabda irəli çıxıblar və həmin qol komandamızın Fransa millisi üzərində 3:2 hesablı qələbəsini rəsmləşdirib. Fevralın 17-də həmyerlilərimiz qrupda axırıncı oyunlarını Bakı vaxtı ilə saat 18-30 dəqiqədə Keniya təmsilçilərinə qarşı keçirəcəklər.

“A” qrupunda isə İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının milli komandaları yarışır. Həmin qrupda İtaliya-Uruqvay matçının əsas vaxtında 2:2 hesabı qeydə alındığından qalib bullidlər seriyasından sonra müəyyənləşib. Meydan sahibləri penaltilərdən daha yaxşı istifadə edərək 1 top fərqlə qalib gəliblər. Meksika təmsilçiləri isə Dominikan yığmasını 5:2 hesabı ilə məğlubiyyətə uğradıblar. İlkin mərhələ başa çatdıqdan sonra fevralın 19-da qrupların qalibləri ¼ finalda digər qrupda 4-cü yeri tutan komanda ilə görüşəcək. Qruplarda II yeri tutanlar isə digər qrupun III –sü ilə qarşılaşacaq. Daha sonra ¼ finalın qalibləri fevralın 21-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final oyunu isə fevralın 22-də baş tutacaq.

Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunu isə mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Xəbər 2497 dəfə oxundu.