Rusiya paytaxtında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək

“Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı bir çox ölkələrdə olub. Yarışların başlanmasına qədər təqdimatın Roma, Budapeşt və Londonda da keçirilməsi planlaşdırılır. Rusiya paytaxtında Oyunların təqdimatının Azərbaycan Həftəsi çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi kompleksində keçirilməsi nəzərdə tutulur.

Təşkilatçılar bir günlük tədbirlə məhdudlaşmaq istəmədiklərindən təqdimat üçün geniş proqram nəzərdə tutulur.

Bu barədə məlumatı Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov fevralın 14-də Rusiyanın TASS informasiya agentliyində birinci Avropa Oyunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq işləri çərçivəsində keçirdiyi tədbirlərdən söz açıb.

Mətbuat konfransının iştirakçılarına “Bakı-2015”ə həsr edilən film nümayiş etdirilib. Filmdə birinci Avropa Oyunlarına hazırlıqdan, yaradılmış idman infrastrukturundan və həyata keçirilmiş digər tədbirlərdən danışılır.

Sonra jurnalistlərin suallarını cavablandıran A.Rəhimov qeyd edib ki, dünyada çətin iqtisadi vəziyyətə baxmayaraq, Oyunlara hazırlıqla bağlı bütün işlər plan üzrə gedir. Avropa parkı istisna olmaqla idman obyektləri fevralın sonuna hazır olacaq. Sonra sınaq tədbirləri keçiriləcək.

Proqrama 20 idman növü üzrə yarışlar daxildir. Onlardan 16-sı Olimpiya oyunları proqramına daxildir. İdmançılar 253 dəst medal uğrunda mübarizə aparacaqlar.

A.Rəhimov deyib: “Bakı Avropanın 50 ölkəsindən idmançıları qəbul edəcək. İlkin hesablamamıza görə, Oyunların açılış və bağlanış mərasimini, habelə yarışları izləməyə ən azı 20 dövlətin başçısı gələcək. Lüksemburq hersoqu, Monako knyazı II Alber qonaq qismində iştiraklarını artıq təsdiqləyiblər”.

Nazirin sözlərinə görə, yarışları işıqlandıracaq jurnalistlər üçün artıq qeydiyyat başlayıb. KİV nümayəndələri üçün həmçinin qiymətlərin ucuz olacağı və müvəqqəti mətbəxin qurulacağı “Media kəndi” hazırlanır. Azərbaycanın ali məktəblərindən 12 min tələbə volontyor kimi işləyəcək.

Oyunların açılış və bağlanış mərasimlərində Azərbaycan mədəniyyətinin elementlərindən istifadə olunacağını qeyd edən nazir deyib: “Hələlik bundan artıq heç nə deyə bilmərəm. Qalanları isə sirrdir”. Mədəniyyət proqramı çərçivəsində Bakının qonaqlarını teatrlar, muzeylər gözləyir.

Ermənistan idmançılarının Oyunlarda iştirakına dair sualı cavablandıran nazir vurğulayıb ki, Ermənistan təxminən 35-50 nəfərdən ibarət idmançı ilə təmsil olunacaq. A.Rəhimov əlavə edib ki, “Olimpiya kəndində yaradılmış təhlükəsizlik sistemi ən yüksək səviyyədədir. Odur ki, əlavə təhlükəsizlik tədbirləri görməyə heç bir ehtiyac yoxdur”.

Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Xəbər 1212 dəfə oxundu.