Boksçularımız Birinci Avropa Oyunlarına hazırlaşırlar
Fevralın 24-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildiriblər ki, sayca 66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə güclərini sınayacaqlar.

Milli komandamız həm kişilərin, həm də qadınların turnirində çıxış edəcəkdir. Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında Hacıbaba Fərziyev (49 kq), Araz İmaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qadınların turnirində məşqçilər Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Yana Alekseyeva (60 kq) və Yelena Vıstropova (69 kq) iştirak edəcəklər.

Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək. Yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.

AzərTAc

Xəbər 824 dəfə oxundu.