Şəhid Müşfiq İsayevin xatirəsi yad edilib
20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında ənənəvi beynəlxalq turnirdə iştirak edəcək idmançılar, Azərbaycan Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələri yanvarın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstəsi qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə güllər düzülüb.

İdman.com.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, daha sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə gül dəstəsi qoyublar.
Qeyd edək ki, yarış 14 yanvarda “Sərhədçi” Olimpiya-İdman Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılışı həmin gün saat 16.30-da baş tutacaq.

Xəbər 1072 dəfə oxundu.