“2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP-16 CUP” turnirinin təntənəli açılışı
Fevral ayının 6-da Milli Gimnastika Arenasında ilk dəfə ölkəmizdə keçirilən, Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçinin iştirak etdiyi “2015 NN TABLE TENNIS CLUB ITTF EUROPE TOP-16 CUP” turnirinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer, Gənclər və İdman Naziri Azad Rəhimov, Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev və fəxri qonaq qismində ölkəmizdə səfərdə olan Avropa çempionu, hazırda Slovakiyanın qadınlardan ibarət yığma komandasının məşqçisi, həmyerlimiz Valentina Popova iştirak etmişlər.

İlk öncə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov idmançıları salamlamış və onlara uğurlar arzulamışdır. Azad Rəhimov son illər Azərbaycan idmanının xeyli inkişaf etdiyini, artıq ölkəmizin çox nüfuzlu yarışmaların keçirildiyi bir məkana çevrildiyini, beynəlxalq turnirlərin müasir tələblər baxımından yüksək səviyyədə təşkil edildiyini və məhz buna görə beynəlxalq idman qurumlarının mütamadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə məmnunluqda razılıq verməsinə söyləmişdir. O, qeyd etmişdir ki, bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq və əminik ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq. Nazir bu yarışın respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Avropa Stolüstü Tennis birliyinə təşəkkürünü bildirmiş, yarışı izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbirin unudulmaz bir idman bayramına çevriləcəyini xüsusi vurğulamışdır.

Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer iştirakçıları salamlamış və onlara mübarizə əzmi və uğurlar arzulamışdır. O, ilk dəfə belə bir turnirin Bakıda keçirilməsini yüksək qiymətləndirmiş, təşkilati işlərin lazimi səviyyədə olduğunu bildirmişdir. R.Kramer bu tədbirin Azərbaycanda Stolüstü Tennisin inkişafına müsbət təsir göstərəcəyini xüsusi qeyd etmiş və idmançılar üçün müasir standartlara cavab verən şəraitin yaradılmasına görə Milli Gimnastika Federasiyasına dərin təşəkkürünü bildirmişdir.

Mərasim iştirakçısı həmyerlimiz V.Popova onun doğma vətəninə gəlmiş bütün qonaqları salamlamış və belə bir yüksək səviyyəli tədbirin keçirilməsinə görə ölkə rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, Stolüstü Tennis Federasiyasına dərin minnətdarlığını bildirmişdir. O, idman karyerasının Azərbaycanda başladığını və özünü həmişə bu ölkənin nümayəndəsi hesab etdiyini, Azərbaycanın bu idman

növündə zəngin ənənələri olduğunu söyləmiş və turnirin stolüstü tennistin gələcək inkişafında müsbət təsir göstərəciyini qeyd etmişdir.

Sonda çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev hamını bu mötəbər tədbirdə böyük məmnunluq hissi ilə salamlamış və “Avropa Top-16 Kuboku” turnirinin açılışı münasibəti ilə iştirakçıları təbrik etmişdir. O, son illərdə idmanın Azərbaycanda sürətlə iştirak etdiyindən, onun Olimpiya hərəkatının fəal iştirakçısı kimi tanındığını bildirmişdir. Ş.Mustafayev qeyd etmişdir ki, idmanın inkişafı ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqamətlərindəndir və cənab prezidentin qayğısı sayəsində bu sahədə çoxsaylı layihələr həyaya keçirilir, mühüm işlər görülür. O, qeyd etmişdir ki, artıq ölkəmiz mühüm tədbirlərin keçirildiyi bir məkandır və bu gün start verilən bu turnir də Azərbaycanın idman tarixində stolüstü tennis üzrə keçirilən ilk beynəlxalq miqyaslı tədbirdir. Ş.Mustafayev fürsətdən istifadə edərək turnirin təşkilində göstərdiyi dəstəyə görə Avropa Stolüstü Tennis Birliyinə, şəxsən cənab Ronald Kramerə, Gənclər və İdman Nazirliyinə, eləcə də bu gözəl idman arenasında yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına dərin təşəkkürünü bildirmişdir.

Federasiya prezidenti turniri açıq elan etmişdir. Məlumat üçün qeyd edək ki, tədbir fevral ayının 8-dək davam edəcəkdir.

Xəbər 2346 dəfə oxundu.