“Baku Fires” – “Rafako Hussars Poland”: heyətlər məlumdur
Fevralın 7-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu Polşanın “Rafako Hussars Poland” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Rafako Hussars Poland”

52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski


60 kq. Albert Səlimov – David Miçelus


69 kq. Pərviz Bağırov - Stiven Donnelli


81 kq. Soltan Migitinov – Jordan Kulinski


+91 kq. Arslanbek Mahmudov - Mantas Valaviçius


Polşa klubu ilə görüşdə komandamızın heyətində Pərviz Bağırov debüt edəcək. Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin qalibi Şimali İrlandiya boksçusu Donnelli ilə üz-üzə gələcək.

“Baku Fires”in heyətində Arslanbek Mahmudov cari mövsümdə 2-ci qələbəsini qazanmağa çalışacaq. Onun rəqibi Litva təmsilçisi Mantas Valaviçius olacaq. Ötən il Qroznıda Əhməd Kadırovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edən litvalı boksçu ilk görüşdə uduzmuşdu. Valaviçius 2013-cü ildə Neft Ölkələrinin Dünya Kubokunda milli komandamızın üzvü Kamran Mehdiyevə də məğlub olub.

Mahmudovdan başqa, Albert Səlimov da bu mövsüm artıq bir qələbə qazanıb. Dünya və Avropa çempionumuz 2010-cu ildə Bakıda keçirilən gənclər arasında dünya birinciliyində və həmin il Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında bürünc medal qazanmış David Miçelusla üz-üzə gələcək.



Birinci turda səfərdə Puerto Riko klubuna 2:3 hesabı ilə uduzan “Rafako Hussars Poland” 2-ci turda doğma arenada eyni hesabla “Astana Arlans”a məğlub olub. Polşa komandası ötən tur doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesablı qələbə qazanıb.


Bu həftə B qrupunda “Puerto Riko Hurricanes” “Caciquez Venezuela”-nı, “Argentina Condors” “İtalia Thunder”i, “Astana Arlans” isə USA “Knockouts”u qəbul edəcək.


Turnir cədvəli

1. “Astana Arlans” – 9 xal, (döyüşlərin nəticələri 15-11)

2. USA “Knockouts” – 9, (15-10)

3. “Rafako Hussars Poland” – 5, (15-9)

4. “Baku Fires” – 5, (15-8)

5. “Puerto Riko Hurricanes” – 5, (15-6)

6. “İtalia Thunder” – 4, (15-8)

7. “Venezuela Caciquez” – 4, (15-5)

8. “Argentina Condors” – 0, (15-3)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xəbər 1103 dəfə oxundu.