Böyükağa Hacıyev: Komanda bundan da yaxşı səviyyədə olacaq
"Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Burada məşqlər keçməyimiz üçün hər bir şərait yaradılıb”. İdman.com.az-ın məlumatına görə, bu fikri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. 54 yaşlı çalışdırıcı klubunun rəsmi saytına açıqlamasında yanvarın 11-də Türkiyənin Antalya şəhərində başlayan təlim-məşq toplanışı haqda fikirlərini bildirib.

Hacıyev 2 həftəlik hazırlıqda fiziki hazırlığa diqqət yetirməklə yanaşı, yoxlama oyunu keçirəcəklərini bildirib: “Hər gün – səhər və axşam 2 məşqimiz olur. Təlimlərdə heyətin bütün üzvləri iştirak edir. Bununla yanaşı, əvəzedicilərin 6 futbolçusu əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. İlk mərhələ əsasən fiziki hazırlıqdan ibarətdir. Bu müddət ərzində 3 yoldaşlıq oyunu da keçirəcəyik. İnanıram ki, Antalya təlimlərindən sonra komanda bundan da yaxşı səviyyədə olacaq".

Xəbər 946 dəfə oxundu.