Hokkeyçilərimiz qarşıdakı mötəbər yarışa ciddi hazırlaşır
Azərbaycanın qadın otüstü hokkeyçiləri növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqasının II raundunda mübarizə aparacağı barədə məlumat vermişdik. Həmin yarış bu ilin fevral ayının 14-dən 22-dək Uruqvayın Montovideo şəhərində baş tutacaq və yığmamız ciddi sınaq qarşısında son hazırlığı Bakıda keçirir. Dünya reytinq cədvəlində yüksək yerlərdən birini tutduğuna görə milli komandamız birbaşa II mərhələdə mübarizə aparacaq. “B” qrupuna daxil olan hokkeyçilərimiz Dünya Hokkey Liqası turnirinin II raundunda ilk olaraq Trinidad-Taboqo(14 fevral), fevralın 15-də Fransa və iki gün sonra qrupda sonuncu oyununu Keniya təmsilçilərinə qarşı keçirəcəklər. “A” qrupunda isə İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının milli komandaları yarışacaq. İlkin mərhələ başa çatdıqdan sonra fevralın 19-da “A”qrupunun qalibi ¼ finalda “B” qrupunda 4-cü yeri tutan komanda ilə görüşəcək. “B” qrupunda II yeri tutan isə “A” qrupunun III –sü ilə qarşılaşacaq. Həmin gün “A” qrupunun II-si “B” qrupunu III-sü və nəhayət “B” qrupunun lideri “A” qrupunda IV yeri tutan seçmə komandanı sınağa çəkəcək. Daha sonra ¼ finalın qalibləri fevralın 21-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final oyunu isə fevralın 22-də baş tutacaq. Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanır. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Bunu isə mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Xəbər 2284 dəfə oxundu.