Lionel Messi və Kriştianu Ronaldu birlikdə oynamaq istəyirlər
Planetin ən yaxşı futbolçuları _ “Barselona”nın hücumçusu Lionel Messi və “Real”ın forvardı Kriştianu Ronaldu eyni klubda oynamaq istədiklərini bildiriblər. AzərTAc xəbər verir ki, 2014-cü ilin yekunlarına görə “Qızıl top” mükafatına layiq görülmüş Kriştianu Ronaldu prestijli mükafat uğrunda mübarizədə əsas rəqiblərini – Münxenin “Bavariya” komandasının qapıçısı Manuel Noyeri və Kataloniyanın “Barselona” klubunun forvardı Lionel Messini öz komandasında görmək istədiyini bildirib.FİFA-nın rəsmi saytı portuqaliyalı hücumçunun bu sözlərini sitat gətirir: “İstərdim ki, Messi və Noyer mənim komandama qoşulsunlar. Əgər biz üçümüz bir komanda heyətində çıxış etsəydik, əla olardı”.Kataloniya klubunun hücumçusu etiraf edib ki, o da Kriştianu ilə eyni klubda oynamağa etiraz etmir, hərçənd, onların birlikdə oynaması hər ikisi üçün çətin olar. Messi deyib: “Düşünürəm ki, bizim birlikdə oynamağımız hər ikimiz üçün çətin olar, lakin onunla eyni komandada çıxış etmək istərdim”.Qeyd edək ki, Messi ilə “Barselona”nın baş məşqçisi Luis Enrike arasında münaqişə və argentinalı futbolçunun vergilərlə bağlı problemləri onun Kataloniya klubundan bəlkə də gedəcəyi barədə şayiələrə səbəb olub. Bu günlərdə İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Futbolda əsas fərdi priz sayılan bu mükafat ilin yekunlarına görə ən yaxşı oyunçuya verilir. Bu dəfə Ronaldu öz rəqiblərini xeyli qabaqlayaraq qalib gəlib.“Real”ın hücumçusu dalbadal ikinci dəfə ən yaxşı futbolçu hesab edilib. Ümumiyyətlə, Ronaldu bu mükafata üç dəfə layiq görülüb. Messi isə hələlik portuqaliyalıdan irəlidədir. “Barselona”nın forvardı dalbadal dörd dəfə planetin ən yaxşı futbolçusu hesab edilib. Bu dəfə Messi ikinci, Noyer isə minimal fərqlə üçüncü yeri tutub.

Xəbər 867 dəfə oxundu.