"Qəbələ" "Kuban"la qarşılaşacaq
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin daha bir rəqibi müəyyənləşib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək. Krasnodar təmsilçisi ilə oyun yanvarın 23-də baş tutacaq. Bu matç rusiyalıların məşq keçdiyi “Bellis” idman kompleksinin stadionunda oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Rusiya Premyer Liqasında çıxış edən “Kuban” 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb.

Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən “Qəbələ” bu gün Türkiyə “Əskişəhərspor”u ilə üz-üzə gələcək. “Kuban”la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək.

Xəbər 805 dəfə oxundu.