London olimpiadasına növbəti lisenziyamızı idman gimnastı Şakir Şıxəliyev qazandı!
Azərbaycan gimnastı Şakir Şixəliyev bu yay Londonda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanıb. İdman.com.az Azərbaycan Gimnastiya Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı Bakı idmançısı 2012-ci ilin olimpiadasına bu qiymətli vəsiqəni elə qarşıdakı oyunların paytaxtında keçirilən 2-ci təsnifat turnirində əldə edib.

Çoxnövçülükdə 80.532 xal toplaması, ona artıq Olimpiya Oyunlarında öz yerlərini təmin etmiş idmançıların siyahısına daxil olmağı imkan verib.

Ş.Şixəliyev müstəqil Azərbaycanın tarixində son 20 il ərzində olimpiadaya bilet qazanmış ilk idman gimnastıdır. Son dəfə ölkəmiz 1992-ci ildə Barselonada olimpiya çempionu adına layıq görülmüş Valeri Belenki tərəfindən təmsil olunmuşdu. Təsadüfi deyil ki, Şakir Şıxəliyev artıq üç ildir ki SSRİ-nın əməkdar məşqçisi Anatoli Yarmovski ilə birgə Belenkinin rəhbərliyi altında məşq edir.

“Hədsiz dərəcədə şadam və fəxr edirəm ki, Azərbaycanımı elə burada, amma bu dəfə artıq Olimpiadada təmsil edəcəyəm! Gərgin məşqlərim hədər getmədi və hətta podium məşqləri zamanı hərəkətlərimdəki əsəbilik bu gün qətiyyətlə və yıxılmadan altı alətdə çıxış etməyimə heç bir maneçilik törətmədi. Mənə etimad göstərdikləri üçün Federasiyamızın rəhbərliyinə, məşqçilərimə və mənim üçün həyəcan keçirən və məni dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm”, - olimpiya lisenziyasının sahibi deyib.

Xəbər 1386 dəfə oxundu.