Maksim Medvedev: “Neftçi” baxımlı oyun nümayiş etdirir
“Mövsümün ilk yarısını 4-cü pillədə bitirməyimizi normal dəyərləndirirəm. Daha doğrusu, gözlənilməz xal itkiləri olmasaydı, daha yaxşı olardı. “Sumqayıt”a 5 xal verməsəydik, indi liderdən cəmi 3 xal geridəydik”. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözü “Qarabağ”ın oyunçusu Maksim Medvedev deyib.
22 yaşlı müdafiəçi komandada son nöqtəni qoymaq probleminin olduğunu bildirib: “Təbii ki, indi bunu düşünmək bizə heç nə vermir. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. Komanda olaraq özümüzə inanırıq. Son oyunlarda qol buraxmamağımız sadəcə müdafiənin əməyi deyil. Komanda şəkilində düzgün oynamağımızın nəticəsidi. Həmin məntiqlə niyə çoxlu qol vura bilmirik? Deməzdim ki, qol şanslarımız olmur. Sadəcə son nöqtəni qoymaq problemi var. Bunu da həll etdikdən sonra daha məhsuldar oynayacağımıza inanıram”.
Maksim komadanın güclənməsinə ehtiyacın olduğunu düşünür: “Güclənsək pis olmaz. Zədə, cəza kimi amillər mövsümboyu problem yarada bilər. Adətən qışdan sonra daha uğurlu çıxış edirik. İnanıram ki, bu dəfə də bu ənənəni davam etdirəcəyik. Çempionluq uğrunda mübarizə çətin olsa da, biz heç vaxt hədəfsiz mübarizə aparmırıq”.
Medvedev çempionatı da dəyərləndirib: “Bu mövsüm ən xoş təsir bağışlayan komanda heç şübhəsiz ki, “İnter”di. “Bankirlər” məhdud imkanlara baxmayaraq arzu və intizamlı oyun üslubuyla rəğbət yaradır. Baxımlı oyununa görə, “Neftçi”ni qeyd etməliyəm. “Qəbələ”nin isə fiziki hazırlığını vurğulamaq lazımdı. İnanıram ki, 2-ci yarı olduqca maraqlı olacaq. Çempionun kimliyi haqqında danışmaq tezdi. Zənnimcə, “altılıq”da hər şey dəyişə bilər. Final mərhələsində hər oyun dəyişikliyə səbəb ola bilər. Amma biz ancaq öz oyunumuz haqqında fikirləşməliyik”.

Xəbər 947 dəfə oxundu.