KİV: Messi Londonun “Çelsi” komandasına üz tutub
“Çelsi” komandasının nümayəndələri “Barselona”nın hücumçusu Lionel Messinin cari mövsümdən sonra London klubuna transferinin mümkünlüyü məsələsini oyunçunun atası ilə müzakirə ediblər. “Aristokratlar” 27 yaşlı argentinalı üçün 250 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Bir qədər əvvəl KİV-lər xəbər vermişdi ki, Messi məşqçinin onu “Real Sosyedad” ilə ölkə çempionatı oyununda (0:1) ehtiyatda saxlamaq qərarından narazı qalıb.AzərTAc xəbər verir ki, son aylar qəzetlərdə Messinin narazılığı barədə tez-tez informasiya görmək olar. Gah Lionel guya “Barselona”nın Neymarı gələcəkdə öz əsas ulduzu hesab etməsindən məyus olur. Gah argentinalı narazı qalır ki, “Barsa” Messinin xahişi ilə onun ən yaxşı dostu Aqueronu almaq əvəzinə Luis Suaresi alıb.Mətbuatda belə şayiələr yayılıb ki, Luis Enrikenin özünü həddindən artıq yüksək tutması Lionelin xoşuna gəlmir. Nəhayət, hətta xəbər verilib ki, vergi qalmaqallarından sonra, ümumiyyətlə, İspaniya Lionelin zəhləsini töküb və o, məhkəmələrdən, çoxmilyonlu cərimələrdən təngə gəlib.Messi bütün karyerasını “Barselona”da qurub, klubun tarixində ən yaxşı bombardir olub. İlk dəfə 2003-cü ildə əsas heyətdə meydana çıxıb. O vaxtdan altı İspaniya çempionatında və üç çempionlar liqasında qalib gəlib. Bundan başqa, dörd qızıl top qazanıb və 2014-cü ilin yekunları üzrə beşincinin iddiasındadır. Bu mövsümdə argentinalı “Barselona”da 23 oyun keçirib və 23 qol vurub.

Xəbər 809 dəfə oxundu.