Madridin “Real” klubunun rekord sayda qələbələr seriyası 23-cü matçda qırılıb
“Valensiya” klubu “Mestalye” stadionunda Madridin “Real” klubunu məğlubiyyətə uğradaraq, onun rekord sayda qələbələr seriyasını başa çatdırıb. “Barselona” klubu da “Real Sosyedad” klubuna uduzaraq, İspaniya çempionatında lider ola bilməyib. Valensiyada İspaniya La Liqasının 17-ci turunun görüşü 2:1 hesabı ilə başa çatıb. Ev sahiblərindən Antonio Barraqan və Nikolas Otamendi fərqləniblər. Madridlilərdən yeganə topu görüşün 14-cü dəqiqəsində penaltidən Kriştianu Ronaldu vurub. Portuqaliyalı bu qol sayəsində İspaniya çempionatında vurduğu penaltilərin sayına görə üçüncü yerə çıxıb. “Real” 22 matçdan ibarət zəfər yürüşünü başa çatdıraraq klub rekordu müəyyən edib. Hazırda “Kral klubu” “Barselona”nı 1 xal geridə qoyaraq, turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” ilə görüşdə 0:1 hesabı ilə uduzan kataloniyalılar isə irəli çıxmaq şansını əldən veriblər. Son görüşdə yeganə qolu ikinci dəqiqədə Xordi Alba öz qapısından keçirib. Bu, indiki mövsümdə “Barselona”nın ölkə çempionatında üçüncü məğlubiyyətidir.

Xəbər 788 dəfə oxundu.