Avropa Oyunları Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.
“İdman hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur.

İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.” Bu fikirləri Prezident İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı qeyd etmişdir.

“Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

Xəbər 5026 dəfə oxundu.