“Qəbələ”də yeni məşqçi
“Qəbələ”nin məşqçilər heyətinə yeni mütəxəssis cəlb olunub. Bu gənc olmasına baxmayaraq, uğurlu karyeraya sahib İbrahim Bəkirdır. “Qəbələ”də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək gənc çalışdırıcı, məşqçilik karyerasının önəmli hissəsində Ərtoğrul Sağlamın məşqçilər korpusunda yer alıb. “Samsunspor”da uğurlu mövsümdən sonra “Kayserispor”a keçən İbrahim Bəkirın da yer aldığı məşqçilər korpusu, bu komanda ilə avrokuboklara vəsiqə qazanıb. Uğurlu “Kayserispor” karyerasından sonra məşqçilər korpusu “Beşikdaş”la müqavilə imzalayıb və mövsümü 3-cü yerdə bitirib.
“Ağ-qaralar”dan sonra “Bursaspor”da fəaliyyətə başlayan heyət bu komanda ilə Türkiyə tarixində ilk dəfə olaraq, ölkənin 4 böyük komandasından başqa bir komanda ilə çempionluq qazanıb.

Artıq iki gündür komandanın hazırlıq prosesində yer alan Bəkir yeni klubu barədə ilkin təəssüratlarını gabalafc.az-la bölüşdü: “ Qəbələyə gəlməmişdən öncə də Azərbaycan və Azərbaycan futbolu haqda məlumatım var idi. Burada olan dostlarım ölkə haqqında mənə dolğun informasiya vermişdilər. “Qəbələ” haqda məlumatım isə Fateh Kavlak burada işləməyə başlayandan sonra oldu. O, mənə klub, gələcək planlar, qarşıya qoyulan hədəflər, infrastruktur, uşaq futboluna ayrılan diqqət barədə məlumat verdi. Bütün bunlar çox xoşuma gəldi və məndə maraq oyatdı”.

Bəkir “Qəbələ”nin bir neçə oyununu izlədiyini, heyətdə yüksək səviyyəli futbolçuların olduğunu bildirdi: “Azərbaycan çempionatı günü-gündən inkişaf edir. Əhali və komanda sayının az olmasına baxmayaraq, futbolun səviyyəsi müsbətə doğru dəyişir. Buradakı futbolçuları gördükdən sonra inkişaf prosesinin getdiyinə bir daha əmin oldum. Daha öncə “Qəbələ”nin bir neçə oyununu izləmişəm. Komanda xoşuma gəldi. Heyətdə yüksək səviyyəli futbolçular var”.
Söhbət əsnasında məşqçi “Qəbələ”nin inkişaf etməkdə olan infrastruktruna da toxundu: “Baza və meydançalar çox xoşuma gəldi. Görülən və görüləcək işlər hər şeyin daha yaxşı olacağından xəbər verir. İnanıram ki, futbol təcrübəmlə komandanın gücünə güc qatıb onun hədəflərinə çatmasında yaxından rol oynayacam”.

Xəbər 1061 dəfə oxundu.