Otüstü hokkeyçilər 2014-cü il mövsümünə yekun vurdular
Yola saldığımız 2014-cü ildə Azərbaycan otüstü hokkeyçilərindən ilk olaraq beynəlxalq yarışlarda mübarizəyə Bakının qadın otüstü hokkeyçilərdən ibarət“Atasport” klubu qoşulub. “Atasport” bu ilin aprel ayında Hollandiyanın Hertogenboş şəhərində Avropa Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasında yarışıb. Təəssüf ki, öz qrupunda ilk 2 qarşılaşmada “Amsterdam”, “Railvay Union”(İrlandiya) və İngiltərənin “Readnig” klublarına məğlub olan həmyerlilərimiz qrup sonuncusu olublar. Beləliklə, “Atasport” klubu 2005-ci ildən “daimi qeydiyyatda” olduğu qitəmiqyaslı Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasındakı yerini itirərək növbəti mövsümdən bir pillə aşağı - “Trofi” divizyonunda mübarizə aparmaq məcburiyyətində qaldı.2014-cü ilin iyun ayında isə Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası 1 il əvvəl “Çelenc I” turnirinin qalibi olmaqla İtaliyanın Kagliari şəhərində keçirilən klublararası Avropa çempionatının “Trofi” divizyonunda mübarizəyə ilk dəfə qoşulub. Son vaxtlar qitəmiqyaslı yarışın “Çelenc” divizyonunda ilə 1 mərhələ irəliləməklə Avropanın ikinci 8-liyinə daxil olan “Atasport” həmin divizyonda ən azı daha 1 mövsüm dayanmalı olub.

“B” qrupunda İrlandiya təmsilçisindən sonra 2-ci yeri tutan hokkeyçilərimiz pley-offda yalnız 3-cü yer uğrunda mübaizə aparmaq məcburiyyətində qalıb. Həmin mərhələdə “Atasport”-un rəqibi digər qrupda II nəticə göstərən İtaliya təmsilçisi- “Amsikora” komandası olub. Həlledici matçda 4:0 hesablı qələbə qazanan kişi otüstü hokkeyçilərdən ibarət Bakının “Atasport” komandası Klublararası Avropa Çempionatının "Trofi" divizyonunda ilk çıxışını yüksək nəticə ilə - 8 iştirakçı arasında III yeri tutmaqla qeyd etdi.

Bu yarışla paralel olaraq Çexiyanın Rakovnik şəhərində keçirilən Avropa Klub Çempionatının “Çelenc I” divizyonunda çıxış edən Azərbaycan çempionu -“Akkord” komandası da qrup mərhələsində II yeri tutub və Pley-Offa vəsiqə qazanıb. Reqlamentə görə “Trofi” divizyonundan fərqli olaraq “Çelenc I” turnirində iştirakçılar Pley-Off mərhələsində çarpaz üsulla görüşüblər. “Akkord” finala və növbəti mövsümdən “Trofi” divizyonuna vəsiqə qazanmaq üçün digər qrupun qalibi- İrlandiyanın daha bir təmsilçisi- “Banbridge” klubu ilə qarşılaşıb. Təəssüf ki, həmin oyunda çempionumuz 3:6 hesabı ilə uduzub və son illərdəki pillə-pillə irəliləmək ənənəsini pozaraq "Çelenc I" divizyonundan irəli gedə bilməyib.

Peşəkar otüstü hokkey klublarımızdan fərqli olaraq ölkəmizin 16 yaşınadək oğlanlardan ibarət seçmə komandası yola saldığımız ilin iyun ayında Litva Respublikasının paytaxtı Vilnüs şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edərək iki ildən bir təşkil olunan həmin yarışın güclülər dəstəsinə vəsiqə qazanıb. H okkeyçilərimiz 2 qrupda mübarizə aparan 8 komanda arasında Cəbəllütariq hokkeyçilərinə 3:2, ermənilərə 4:1 və meydan sahiblərinə 3:1 hesabı ilə qalib gələrək “B” qrupunda 100 faizli nəticə ilə I yeri tutub. Bu nailiyyət isə Azərbaycanın 16 yaşınadək hokkeyçilərdən ibarət komandasının pley-offda İsveçrə təmsilçilərinə məğlub olmasına baxmayaraq, növbəti mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ verib.

Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində etdiyi dəyişiklərə görə 2016-cı il Braziliyanın Rio de Jeneyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib. Bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim “Dünya Hokkey Liqası” adı altında təşkil olunan turnirlər vasitəsi ilə həyata keçirilir. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsi ilə reallaşa biləcək.. Planetin reytinq cədvəlində 33-cü yeri tutan kişi otüstü hokkeyçilərimiz 2014-cü ilin sentyabr ayında Omanın paytaxtı Muskat şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin I mərhələsində iştirak edib.Oman, İran İR-sı və Tailland hokkeyçiləri ilə gərgin mübarizədə millimiz I yeri tutub. Reqlamentə görə həmin turnirin qalibi adını qazanan Azərbaycanın seçmə komandası 2015-ci il martın 7-dən 15-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində 8 komandanın iştirakı ilə Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparmaq hüququna sahib olub. Həmin mərhələdə yığmamız Belarus, Çin XR, Çexiya, Misir, Fransa, CAR və İsveçrə hokkeyçiləri ilə birgə 2 yarımqrupda yarışacaq. Qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız isə yüksək reytinqə malik olduğuna görə Dünya Hokkey Liqası yarışının 2-ci mərhələsindən mübarizəyə qoşulacaq. Millimiz 2015-ci il fevralın 14-dən 22-dək Uruqvayın Montevideo şəhərində Trinidad Tobaqo, Fransa, Keniya, İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının idmançıları ilə 2 yarımqrupda mübarizə aparacaq. Artıq hər 2 seçmə komandamız Azərbaycan Gənclər və İdman nazirliyi və federasiya rəhbərliyinin birgə səyi ilə qarşıdakı məsul yarışa ciddi hazırlaşır.

Beynəlxalq yarışlarla yanaşı, otüstü hokkey üzrə ölkə çempionatı və birinciliklərində də ciddi canlanma hiss olunur. Yola saldığımız ildə sayca XIII ölkə çempionatının formatında o qədər də böyük dəyişiklik olunmayıb. Təkcə ötən mövsüm yüksək dəstədə Rusiyanın Azov şəhərini təmsil edən kişilərdən ibarət “XK TANA” komandasının iştirakı obyektiv səbəblər üzündən baş tutmayıb. Yaz-payız sistemi ilə keçirilən kişilərin və qadınların yarışında 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 4 dəfə görüşüb. Ötən mövsümlərdən fərqli olaraq kişi otüstü hokkeyçilərin I və II dəstə yarışlarının əvəzinə 15 (1999-2001) və 17 yaşınadək(1997-1998) oğlanların birinciliyi keçirilib. 17 yaşınadək oğlanların mübarizəsində 8 iştirakçı “A” və”B” yarımqruplarında dairəvi sistemlə yarışıb. “A” qrupuna daxil olan Bakı və Sumqayıt şəhərlərinin “Atasport", eləcə də “Gəncə” və “Şəki” komandaları paytaxtımızda mübarizə aparıb. “B” qrupunun üzvləri “Olimp”(Masallı), Cəlilabad, Astara və Lənkəranın “Xəzər” klubları isə Masallı şəhər stadionunda yarışıblar. 15 yaşınadək oğlanların birinciliyində də 8 komanda 2 yarımqrupda mübarizə aparıb və bütün oyunlar Bakı şəhərində keçirilib.

Ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları sentyabrın 23-də son tura yekun vurublar. Əslində son görüşlər elə bir prinsipial xarakter daşımırdı. Belə ki, yarışın başa çatmasına 1 tur qalmış “Atasport”(Bakı) qızıl, ötən illərin çempionu “Akkord” isə gümüş mükafatları özlərinə təmin etmişdilər. Qusarın “Şahdağ” klubu 3-cü , “Atasport” (Sumqayıt) isə sonuncu - 4-cü yeri tutub. Mükafatlandırma mərasimində I-III yerləri tutan komandaların üzvlərinə Gənclər və İdman nazirliyinin diplomları, eləcə də federasiya tərəfindən medallar və pul mükafatları təqdim edilib.

Sentyabrın 26-da bazar günü qadın otüstü hokkey komandaları da çempionatın sonuncu və həlledici oyunlarını başa çatdırıblar. İlk olaraq meydana çıxan “Bakı” və “Sumqayıt” komandalarının görüşündə paytaxt hokkeyçilərinin qalib gələcəyinə heç kim şübhə etmirdi. Həmin qarşılaşmada “Bakı” rəqibini 8:0 hesabı ilə məğlub edərək xal ehtiyatını 25-ə çatdırmaqla çempionluğa daha da yaxınlaşdı. Ancaq bunun üçün “Samur”(Qusar)- “Atasport-2” matçında Bakı hokkeyçiləri qusarlı qızlara hökmən qalib gəlməli idilər. Heç-heçə isə çempionun aşkaplanması üçün əlavə “Qızıl oyunun” keçirilməsi ehtiyacını yaradırdı. Lakin, bütün mülahizələr özünü doğrultmadı. Qusar hokkeyçiləri birinci hissədə 2:0, yekunda isə 4:1 hesabı ilə qalib gələrək xal ehtiyatını 27-yə çatdırıb və ən yaxın izləyiciləri üçün əlçatmaz olmaqla çempion adına layiq görülüblər. “Bakı” 2-ci, “Atasport-2” 3–cü , “Sumqayıt” komandası isə 4-cü yeri tutub. Bu yarışda da komandalara kişilərin çempionatında olduğu kimi anoloji mükafatlar və müxtəlif nominasiyalar üzrə ən yaxşılara hədiyyələr təqdim olunub. Qadınların yarışından 1 gün əvvəl-şənbə günü isə15 yaşınadək oğlanlardan ibarət klubların iştirakı ilə ölkə birinciliyinin sonuncu turunun oyunları keçirilib. Onu da qeyd etməliyik ki, birinci dövrənin yekunlarına görə qruplarda ilk 2 yeri tutan komanda II dövrədə medallar uğrunda mübarizə aparıb və bir-biri ilə 2 dəfə qarşılaşıb. Final mərhələsində son tur çərçivəsində artıq çempionluğu özünə təmin edən Qusarın “Şahdağ” komandası Şəmkir hokkeyçilərinə 1:0 hesabı ilə qalib gələrək 16 xalla qızıl medallara layiq görülüb. “Atasport-Binə” və “Akkord”(Sumqayıt) komandalarının qarşılaşmasında Binə təmsilçiləri gərgin oyunda “Akkord”-u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və 9 xalla II yeri tutub. “Şəmkir” komandası ölkə birinciliyinin bürünc mükafatına sahib olub. Son görüşlərinin uğursuz keçirən “Akkord” isə yarışı 4 xalla –sonuncu 4-cü yerdə başa vurub. Yekunda komandalara müvafiq medallarla yanaşı, diplomlar, I yerin sahiblərinə isə pul mükafatları təqdim edilib.

Şənbə günü anoloji sistemlə keçirilən 17 yaşınadək oğlanların yarışının da mükafatlandırma mərasimi baş tutub. Sumqayıtın “Atasport” komandası qalib adına layiq görülüb. “Atasport- Binə” bu yaş qrupunda da II yeri tutub. Masallının “Olimp” hokkeyçiləri isə III olublar. Final mərhələsinin 4-cü iştirakçısı “Xəzər”(Lənkəran) isə bütün görüşlərdə uduzaraq sonuncu yerdə qərarlaşıb.17 yaşlı oğlanlar da aşağı yaşlı oğlanlar kimi mükafatlara layiq görülüblər.

Azərbaycan Otüstü Hokkey Federasiyası bu olimpiya idman növünün respublikamızda daha geniş inkişafı və kütləviliyinin artırılması məqsədilə ötən ildən Bakı və Sumqayıt şəhərləri üzrə İdman və Təhsil İdarələri ilə birgə yeni layihə həyata keçirir. Layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Ötən ilin noyabr ayından həyata keçirilən layihə çərçivəsində həmin şəhərlərin ümumtəhsil məktəblərindən seçilən bədən tərbiyəsi müəllimlərinə otüstü hokkey üzrə nəzəri və praktik məşğələlər keçilib. Əsas məqsəd şagirdlər arasında otüstü hokkeyin geniş yayılması və dərsdənkənar məşğələlərdə fərqlənən oğlan və qızların peşəkar məşqçilərin rəhbərliyi altında bölmələrdəki təlimlərə cəlb olunmasıdır.

Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan Otüstü Hokkey Federasiyası tərəfindən Bakının 19 məktəbində fəaliyyət göstərən bölmə üzvləri hokkey ağacları və toplarla tam təchiz edilib. İyunun 1-də isə seminar məşğələlərində fəallıq göstərdiklərinə görə Bakı və Sumqayıt şəhərlərinin 23 orta məktəb müəlliminə Beynəlxalq Hokkey Federasiyası Məşqçilər Şurasının üzvü Ali Zahidin (Pakistan) imzası ilə “C” kateqoriyalı məşqçi sertifikatı verilib.

Ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi müəllimlərinin dərsdənkənar vaxtlarda otüstü hokkeyin öyrədilməsi işinə qiymət vermək üçün noyabrın 1-dən 9-dək Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Otüstü Hokkey Federasiyası birgə 2000-2002-ci il təvəllüdlü oğlan və qızlardan ibarət komandalar arasında Azərbaycanda otüstü hokkeyin yaradılmasının 45 illiyi münasibəti ilə məktəblilərin festivalını keçirib.



Yarışda qızlardan ibarət 8, elə o qədər də oğlan komandası 2 qrupda dairəvi sistemlə mübarizə aparıb. İlkin mərhələdə qızların və oğlanların yarışında qruplarda müvafiq yerləri tutan məktəb komandaları noyabrın 9-da pley-off oyunlarında mükafatçıları və yekun yerləri müəyyənləşdirib. Elə həmin gün ilk 3 yerə layiq görülən oğlan və qızlardan ibarət komandalar fəxri diplomlara, kubok və nominasiyalar üzrə mükafatlara layiq görülüblər. Yarışın yekununda I yeri tutan Xəzər rayonunun 117 № -li məktəbin hokkeyçiləri tutub, II yerə həmin rayonun 149 № məktəbin qızları layiq görülüb. III yerə isə Nərimanov rayonundakı 200 № -li məktəbin komandası çıxıb. İlk 3 yerə layiq görülən komandalara təşkilatların diplomları və müvafiq kubokları verilib. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri təqdim olunub.

Oğlanların yarışında Suraxanı rayonundakı 2 № -li Uşaq Evinin komandası finalda Sumqayıt şəhərinin 22 № -li məktəbin komandasına qalib gələrək I yeri tutub. Xəzər rayonunun 117 № -li məktəbinin hokkeyçiləri Suraxanı rayonundakı 275 №–li məktəbin komandasına qalib gələrək III mükafata sahib olublar. Yarışda fərqlənən komandalar diplom və müvafiq kuboklarla təltif olunublar.

Xəbər 859 dəfə oxundu.