Draytulinq üzrə Azərbaycan çempionatında kim iştirak edəcək?
Bir neçə gün öncə Azərbaycan alpinizm federasiyası (AAF) internetdən öyrənib ki, Hava və ekstremal idman növləri federasiyası (FAİREX) dekabrın 20-21-ndə Bakıda Draytulinq üzrə Azərbaycan Çempionatı keçirəcək. Lakin AAF hər hansısa idman yarışının keçirilməsinə görə cavabdehliyi daşıyan Azərbaycan İdman və gənclər nazirliyinin bununla əlaqəli olan heç bir imzalı rəsmi nizamnaməsini tapa bilməyib.

Azərbaycan alpinizm federasiyasının vitse-prezidenti Saridan Mursaqulov dekabrın 18-də AAF-nin mətbuat xidməti ilə söhbətində bu barədə aşağıdakıları deyib: “Bu həftə ərzində İdman Nazirliyinə üç dəfə müraciət edib, deyilən tarixdə Respublika çempionatının nizamnaməsinin təsdiqlənib təsdiqlənməməyini soruşdum. Lakin bu günədək bu yarışın keçirilməsi, nizamnaməsi haqqında təsdiq edici məlumat almamışıq. Biz də, bir federasiya kimi həmin yarışa yazılı dəvətnamə almamışıq, halbuki adətən dəvətnamələr, tədbirin keçirilməsindən 20 gün əvvəl təqdim edilir. Nazirliyin əməkdaşlarından xahiş etdim ki, bizə yarış haqqında əvvəlcədən yazılı bildiriş göndərsinlər, çünki biz, Respublika çempionatı kimi vacib tədbiri buraxmaq istəmirik”.

AAF-nın nümayəndələri yarış təşkilatçıları ilə əlaqa qurub, öyrəniblər ki, nizamnamə hələ imzalanmayıb, lakin müraciətlərin qəbulu dekabrın 18-də, günün sonunda dayandırılacaq.

Azərbaycan alpinizm federasiyasının prezidenti İsrafil Aşurlı da bu barədə öz fikirləri ilə bölüşüb:

“AAF, həm federasiyanın yığma komandası, həm də federasiyaya üzv olan klubların komandalarını çıxara bilər, lakin təəssüflər olsun ki, biz, hələ də gözlənilən yarışa dəvətnamə almayıb, eyni zamanda Azərbaycan İdman nazirliyi tərəfindən yarışın təsdiqlənmiş nizamnaməsinin çap olunmasını görməmişik. Federasiya rəhbəri kimi deyə bilərəm ki, biz həm Draytulinq çempionatında, həmçinin də başqa bir idman yarışında məmnuniyyətlə iştirak etməyə hazırıq. Azərbaycan alpinistləri tarix boyunca Vətənimizin bayrağını həm Azərbaycanın uca dağlarında, həmçinin də xarici ölkələrdə qaldırırdılar. Onlar, Respublika yarışı kimi mühüm tədbirə etinasızlıq göstərə bilməzlər. Əldə etdiyim məlumata görə, yarışın keçirilməsi tapşırığını alan federasiya yazılı dəvətnamələri göndərmir, çempionatın keçirilməsi haqqında olan xəbərləri internet vasitəsi ilə yayır. Lakin hamı hər zaman internetdə xəbər izləyə bilməz. Məktubların vaxtında göndərilməsi isə tədbirə daha çox iştirakçının qatılmasını təmin edir. Biz təzəlikcə klublarımız arasında Draytulinq üzrə AAF kubokunu keçirmişik və respublika yarışında məmnuniyyətlə iştirak etməyə hazırıq. Uşaqlarımız digər idmançılarla yarışa çıxmaq və yerlər tutmaq arzusundadırlar. Zəruri hallarda AAF yarış təşkilatçıları ilə trassa hazırlanması və hakim heyyətində iştirak etməkdə əməkdaşlıq qurmağa hazırdır. Bunun üçün bizdə zəruri təcrübə, xaricdə təhsil alan idmançı və ən əsası istək və həvəs var. Respublika çempionatlarına hazırlıqlı, təcrübəli idmançıların qatılması istənilən yarışa rəngarənglik qatar.”

Dekabrın 19-u günün birinci yarısında AAF yenə də Azərbaycan İdman və gənclər nazirliyinə müraciət edib – Draytulinq üzrə Respublika çempionatı haqqında nizamnamə hələ də təsdiqlənməyib.

Xəbər 2489 dəfə oxundu.