“Qəbələ” Vaqif Cavadovla maraqlanmır
“Biz Vaqif Cavadovla danışıq aparmırıq. Onun adı heç transfer siyahımızda yoxdur”. Bu açıqlamanı apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Rusiyanın “Volqa” klubu ilə yollarını ayıran milli komandamızın sabiq futbolçusu Vaqif Cavadov Bakıya komandalarımızla danışıqlara gəlib. Onun “Qəbələ” ilə də danışıqlar apardığı deyilsə də, Əzizov bunun doğru olmadığını söyləyib: “Qış fasiləsində 1 transfer etmişik ki, bu da fransalı futbolçu Yannik Kamanandır. Bizə Serje Cehuanın gedişindən sonra hücumçu lazım idi. Onu da Kamananı transfer etməklə reallaşdırdıq. Bu mənada bizim hücumçuya ehtiyacımız yoxdur”.

Ancaq onu da nəzərə alaq ki, Vaqif yarımmüdafiənin sol cinahında da oynaya bilər. Üstəlik, “Qəbələ”nin türkiyəli baş məşqçisi Fatih Kavlak “Qarabağ”da işlədiyi zamanı Cavadovla birgə çalışdığından, onun xidmətində maraqlı ola bilər. Ancaq baş menecer Kavlakın bu futbolçunun transferi ilə bağlı onlara müraciət etmədiyini söyləyib: “Komandamızda yarımmüdafiənin sol cinahında Dodo oynayır. Braziliyalı legioner cari mövsümdə bombardirimizdir. Ola bilər ki, Kavlakla sərbəst olan yerli futbolçuların transferi ilə bağlı danışdım. Bizə hansı mövqeyə futbolçu lazım olacaqsa, buna baş məşqçimiz qərar verəcək”.

Xəbər 1038 dəfə oxundu.