Rinq ustalarımız təlim-məşq toplanışında

Boks üzrə milli komandamız təlim-məşq toplanışına yollanıb. İdman.com.az saytının məlumatına görə, əsasən son Azərbaycan çempionatının qalibləri və gümüş mükafatçılarından təşkil olunmuş heyət Lənkəranda ümumi fiziki hazırlıq keçəcək.
Zədə səbəbindən ölkə çempionatında iştirak etməyən – Salman Əlizadə və Elvin İsayev də məşq prosesinə qatılacaqlar. Uzun fasilədən sonra dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov, eləcə də 2005-ci ildə dünya çempionatında bürünc medala layiq görülmüş Emil Məhərrəmov da heyətə daxil edilib.

Toplanış yanvarın 30-dək yığmanın məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında keçəcək. Olimpiya oyunlarına lisenziya qazanmış 5 boksçumuz – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə yanvarın 16-da ABŞ-ın Mayami şəhərinə yola düşəcəklər.

Boksçularımız fevralın 29-dək orada baş məşqçi Yevgeni Kotov və amerikalı peşəkar boks mütəxəssisləri ilə birgə fiziki hazırlığın gücləndirilməsi istiqamətində çalışacaqlar. Onlar vətənə döndükdən sonra martın 5-də Bakıda “Böyük İpək Yolu” beynəlxalq turnirində iştirak edəcəklər.
Digər heyət isə fevralın 7-dən 12-ə kimi Macarıstanın Debretsen şəhərində keçiriləcək İstvan Bocskai memorialında və Sofiyada təşkil olunacaq (21-26 fevral) Stranja beynəlxalq turnirində mübarizə aparacaqlar.
Təlim-məşq toplanışına cəlb olunan heyət aşağıdakılardır:

49 kq – Salman Əlizadə, Tural Əhmədov
52 kq – Cavid Çələbiyev
56 kq – Samir Məmmədov, Rəhim Nəcəfov
60 kq – Elvin İsayev, Tapdıq Bayramov
64 kq – Ruslan Qasımov
69 kq – Tamerlan Abdullayev, Emil Məhərrəmov
75 kq – Fariz Məmmədov
81 kq – Vətən Hüseynli, Rahib Bəylərov
91 kq – Kamran Mehdiyev
+91 kq – Zamiq Atakişiyev, Fərid Şabanov

Xəbər 1154 dəfə oxundu.