“Qarabağ” - “İnter” - 0:0
Dekabrın 11-də Azərbaycan çempionu futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda komandamız İtaliyanın “İnter” kollektivini qəbul edib.

Çexiyalı baş hakim Miroslav Zelnikin idarə etdiyi oyunun ilk dəqiqələrində “Qarabağ”ın futbolçuları “İnter”in qapısına zərbələr endirsə də, hesab açılmayıb. Matçın 18-ci dəqiqəsində “İnter”in futbolçusuna qarşı kobud oyuna görə Namiq Ələsgərov sarı vərəqə ilə cəzalandırılıb. Oyunun 43-cü dəqiqəsində Vüqar Nadirov zədələndiyi üçün meydana Namiq Yusifov daxil olub.

Birinci hissəyə əlavə olunmuş vaxtda “Qarabağ” fərqlənməyə yaxın olsa da, Leroy Corcun zərbəsini qapıçı Xuan Pablo Karriso dəf edib. Beləliklə, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb.

Görüşün 60-cı dəqiqəsində “Qarabağ”ın heyətində dəyişiklik edilib. İlqar Qurbanov Namiq Ələsgərovu əvəzləyib.

Futbolçularımızın çoxsaylı hücumları oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə qolla nəticələnsə də hakim həmin topu hesaba almayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Nəticədə hesabında 6 xal olan “Qarabağ” UEFA Avropa Liqası yarışlarında iştirakını dayandırıb.

Qeyd edək ki, 12 xalla turnir cədvəlinə başçılıq edən “İnter” və qrupda 7 xalla ikinci olan “Dnepr” (Ukrayna) komandaları növbəti mərhələyə adlayıblar.

Xəbər 846 dəfə oxundu.