“2015 İTTF- Europe TOP 16” Kubokunun Azərbaycan təmsilçiləri müəyyənləşib.
2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıq çərçivəsində 6 - 8 fevral tarixlərində ilk dəfə olaraq ölkəmizdə “2015 İTTF – Europe TOP 16” Kuboku yarışları keçiriləcəkdir.Mötəbər tədbirdə Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi mübarizə aparacaqdır. Dekabr ayının 10-da sözügedən yarışlarda Azərbaycanı təmsil edəcək idmançiların adları müəyyənləşib. Kişilərdən ibarət yığma komandanın təcrübəli oyunçusu, “Təhsil” RİM-in təmsilçisi Fərhad İsmayılov keçirilmiş yarışlarda ən yüksək nəticələr əldə etdiyinə və 2014 - cü ilin reytinq cədvəlinə görə “2015 İTTF - Europe TOP 16” Kubokunda çıxış etmək üçün vəsiqə qazanıb. Qadınlardan ibarət yığma komandamızın aparıcı oyunçuları olan Bilurə Eminova, Məryəm İmanova və Rüfət Quliyevanın reytinq dərəcələri eyni olduğundan bu üçlük arasında müəyyənedici görüşlər keçirilib. Gərgin mübarizədə yığma komandamızın üzvü, “NN” klubunun təmsilçisi Məryəm İmanova yarışlarda iştirak etmək hüququ qazanıb. İdmançılarımızı təbrik edir və onlara qarşıdakı yarışlarda uğurlar arzulayırıq.

Xəbər 1235 dəfə oxundu.